“Tarqovı”dakı xaosdan danışdı: “Turistlər də görürlər ki, şəhərin ən gözəl qızları, oğlanları, ən dadlı yeməkləri oradadır” – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

0
138

Bakıya gələn yerli və xarici turistlər ən çox şəhərin Nizami küçəsi və ya “Tarqovı” adlanan mərkəzi hissəsinə axın edirlər. Əvvəlki illərlə müqayisədə hazırda “Tarqovı”da “addım atmağa yer yoxdur” desək, yanılmarıq. Xüsusən ərəb turistlər kirayə ev tapmaq üçün məhz “Tarqovı”ya üz tutur, hətta onların arasında yüksək məbləğə “Tarqovı”da ev alıb, yay aylarında istirahət üçün gələnlər də az deyil. Lakin bu qədər turisti özünə cəlb edən Nizami küçəsi bir növ restoranlar məhəlləsinə çevrilib. Küçə sanki “insanlar yeməkdən başqa heç nə düşünmürlər” mesajını verir. Restoranların əksəriyəti isə daha çox çöldə xidmət göstərməyə üstünlük verdiyi üçün bu, həm gəzintiyə çıxanlara maneə törədir, həm də onsuz da dar olan küçənin görüntüsünə xələl gətirir. Bu mənzərə artıq yerli sakinləri narahat etməyə başlayıb… 

Tanınmış kulturoloq Aydın Xan Əbilov isə müsahibəsində deyib ki, son illər hökumət Bakının Fəvvarələr meydanı adlanan mərkəzi hissəsinin yükünü azaltmağa çalışır: “İnsafla demək lazımdır. Buna görə də Sevgi parkı, Atatürk, Gənclik parkları salındı. Hətta Əhmədlidə, Zığda belə müxtəlif parklar açılıb, təmir edilib ki, əhali görüş yeri, yaxud istirahət yeri kimi Fəvvarələr meydanını yükləməsin. Çox qəribədir, dövlət öz üzərinə düşən missiyanı yerinə yetirib. Əhali isə o parklara gedib istirahət etmək istəmir. Bakıda elə gözəl yerlər var ki. İnsanlar yalnız və yalnız köhnə sovet təfəkkürü ilə “Tarqovı”ya, “Malakan bağı” tərəfə meyil göstərirlər. Bu isə əhalinin kreativ, estetik zövqünün aşağı olması və öz xoş istirahətini, işdən sonrakı vaxtını səmərəli təşkil edə bilməməsindən irəli gəlir. Bununla bağlı yeni biznes sahələrinin yaranmaması da ayrı səbəbdir. Halbuki dünya ölkələrində tüstü, avtomobil, səs-küy, ekoloji baxımdan çirkli olan şəhər mərkəzlərində nə yaşayırlar, nə də gəzməyə gedirlər. Əksinə, çalışırlar ki, meşəliklərə, parklara, şəhərkənarı, dənizkənarı yerlərə gedib istirahət etsinlər. Bizdə isə tamam fərqlidir. Turistlər də görürlər ki, hamı “Tarqovı”ya axır, şəhərin ən gözəl qızları, oğlanları, ən dadlı yeməkləri məhz “Tarqovı”dadır, məcbur olub elə təmərküzləşmiş mərkəzi Fəvvarələr meydanında istirahətlərini darlaşdırırlar. Nizami küçəsini xalq arasında “Tarqovı”, indi isə Fəvvarələr meydanı adlandırırlar. Gənclik meydanı da deyirlər, hərə bir ad verir. Fəvvarələr meydanı Azərbaycanın ürəyidir, mərkəzidir. Gənclər orada bir-biriləri ilə tanış olurlar. Turistlər də daha çox ora meyil göstərdikləri üçün həmin ərazidə kreativ biznes, xidmət sahələri gündən-günə inkişaf edir. Bütün dünyada belədir ki, şəhər mərkəzləri, xüsusən qədim yerlər yalnız xidmət sahələrinə ayrılır. Orada yaşayış, yaxud digər xidmət sahələri olmur. Azərbaycanda isə bu proses bir qədər gec gedir. Buna görə də Fəvvarələr meydanı bir az yüklü görünür. Çünki sahəsi çox azdır. Əgər orada restoranları bağlasaq, xaricilərin öyrəşdiyi kimi çöldə oturmağı qadağan etsək, bu, turizm axınının qarşısını ala bilər. Həm də şəhər mərkəzində  xidmət sahələrini təşkil edən kiçik və orta  sahibkarların biznesini məhv etmiş olarıq. Bu da vergi ödəmələrinin azalmasına, xidmət səviyyəsinin aşağı düşməsinə, rəqabətsizliyə aparıb çıxaracaq. Əlbəttə, Bakının mərkəzini bu qədər yükləmək, yalnız restoran açmaq da düzgün deyil. Hətta gecələr başqa fəaliyyət növləri də olur…” 

Kulturoloq deyib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi kimi Fəvvarələr meydanı ilə də bağlı bir qurum yaratmaq olar: “Çünki Bakının tarixi məkanı sayılır. Qurum yaradılsın ki, oradakı xaotik vəziyyətə cavabdeh olsun, “kim necə gəldi, nə istəyir edir” meydanı səhmana salınsın. Dövlət oradakı bir çox restoranları, əyləncə mərkəzlərini, xidmət sahələrini şəhərin kənarına, yaxud Ağ Şəhərə köçürə bilər.  Ağ Şəhər çox gözəldir, fransız tipindədir. Ola bilər, gələcəkdə qapalı olacaq, amma hazırda çalışmalıyıq ki, Fəvvarələr meydanının missiyasını artıq Ağ Şəhərə verək, həm də turistləri, turizmlə məşğul olan şirkətlərin marağını məhz şəhərin bu nöqtəsinə yönəldək. Düzdür, Ağ Şəhərin də bir az abadlaşdırılmasına ehtiyac var. Sənaye müəssisələri, zavodları köçürmək lazımdır, çünki orada hava bir az ağırdır. Yaxud yeni açılan parklarımızda elə şərait yaratmaq lazımdır ki, əhali ora gedə bilsin. Nəzərə alaq ki, dünyada hazırda zavodlar bağlanır, hətta kənd təsərrüfatında fermerlərin iş yerləri belə qapadılır. İnsanları avtomatlaşma, süni zəka əvəzləyir. Məcburuq ki, işsiz qalan əhalini xidmət sahələrinə yönəldək. İnsanlar yalnız böyük restoranlar, şadlıq evləri yox, kiçik motellər aça bilərlər. Hətta öz evlərini şəhərin mərkəzində kiçik motelə, kafeyə çevirə bilərlər. İnsanları Azərbaycanda yaşayan müxtəlif xalqların mətbəxlərini özündə ehtiva edən kreativ yemək evləri və ucuz, tezbazar, keçmişdə “yeməkxana” adlandırılan müəssisələr açmağa təşviq etməliyik. Əlbəttə, bütün bunlar Fəvvarələr meydanında yox, meydanın ətrafında olan müxtəlif  yerlərdə açıla bilər. İnanıram ki, təkliflərimizə aidiyyatı qurumlar nəzər salacaqlar. Gələcəkdə problem olmayacaq”.