Tariflərdə yeni hədlər – Qəbul olunan qərar ucuzlaşmaya səbəb olacaq?

0
205

Azərbaycan Mərkəzi Bankı “interchange” tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb. Bu azalma məhsulların qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.

O bildirib ki, istiqamət üzrə müəyyən tənzimləməyə ehtiyac var idi:

“Çünki biz bank sektorunun mövcud vəziyyətini, xüsusilə də birbaşa benefisiarları nəzərə almış olsaq, bu istiqamətdə xidmətlər sahəsində ciddi təmərküzləşmə müşahidə olunur. Eyni zamanda tariflər də kifayət qədər deyil, qeyri-səmərəlidir. Bu tariflər hansı ki, daha çox banklar arasında hər bir banka məxsus olan kartlardan, postterminallardan, digər bank hesablarına köçürmələr zamanı və s. bu kimi hallarda tutulan xərclər yuxarı olurdu. Bu xərclər də müəyyən mənada hökumətin eyni zamanda qeyd edilən istiqamətlərdə apardığı ağartma siyasətinə də mənfi təsir göstərir. Ümumiyyətlə, biznesin xərclərini artırır. Bu artmış xərclər də müəyyən mənada qeyd edilən istiqamətdə əks müqavimətin formalaşmasına və nağdsız ödəniş institutunun inkişafında müəyyən maneələrin ortaya çıxmasına səbəb olurdu”.

Maraqlıdır, “interchange” tarifləri nədir?

Interchange – (ingilis dilində “mübadilə” deməkdir) nağdsız ödənişlərdə bankların bir-birinə ödədiyi komissiyadır.

Çox vaxt “interchange” mağazada kartla alış zamanı ödənilir. Alıcı kartla ödəniş edir, satıcı isə ekvayrinq üçün banka faiz ödəyir. “Interchange”dən əldə edilən vəsaiti banklar loyallıq proqramlarını inkişaf etdirmək üçün istifadə edir, məsələn, müştəriyə keşbək qaytarır.

Bəzi ölkələrdə “interchange”in məbləği qanunvericilik səviyyəsində tənzimlənir: ABŞ-da – əməliyyatın 2% -i təşkil edir, Avropada isə kartın debet və ya kredit olmasından asılı olaraq – 0.2-0.3% arasında dəyişir.

“Mərkəzi Bank haqqında” Qanuna edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Mərkəzi Bankına (AMB) bütövlükdə ödəniş sistemi iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddini müəyyən etmək hüququ verilib.

“Bu aspektdən nəzərə almış olsaq, yuxarı hədlərinin müəyyən edilməsi, “interchange” tarifləri üzrə müsbət addımdır. Müvafiq tariflərin aşağı düşməsinə və vətəndaşların, eyni zamanda biznesin fərqli bank xidmətlərindən daha rahat şəkildə, daha az xərclə istifadə etməsinə gətirib çıxardır. Yəni ümumi götürsək tranzaksiya xərclərini azaldır. İndiki şərtlər daxilində bu xərclərin qiymətlərə birbaşa təsir etdiyini demək çox çətindir. Çünki hələ ki biznesin özünün leqallıq səviyyəsi aşağıdır. Belə olduğu təqdirdə müvafiq güzəştlərin verilməsi və yaxud da müvafiq tariflərin aşağı salınması daha çox yeni biznesin müqavimətini qırmağa və leqallaşma nəticəsində nağdsız ödənişlərin həyata keçirilməsi istiqamətində təşəbbüslərin genişlənməsinə şərait yarada bilir. Yəni düşünmürəm ki, indiki şərtlər daxilində bu tariflərin azaldılması qiymətlərə birbaşa təsir göstərsin”, – deyə iqtisadçı əlavə edib.

Həmçinin əks “interchange” də var. Bu halda emitent bank xidmət göstərən banka faiz ödəyir. Məsələn, başqa bir bankın bankomatından pul çıxarırsa, tutulan komissiyanın bir hissəsi bankomatın sahibi olan banka “interchange” kimi ödənilir.

Qeyd edək ki, “interchange” həmişə müzakirə mövzusu olub. Belə ki, müxtəlif satıcılar qeyri-bərabər şərtlərlə üzləşirlər: kiçik biznes üçün ekvayrinq böyük reteylerin ekvayrinqindən daha böyük ola bilir. Bu komissiyalar alıcıdan da gizlədilir və o, hansı ödəniş üsulunun, hansı kartın onun üçün daha sərfəli olacağını bilmir.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.