Ölçülərinə görə yeni krossoveri Mazda CX-3 modeli ilə müqayisə etmək olar. Mazda MX-30 modelinin uzunluğu 4395 mm, eni – 1795 mm, hündürlüyü 1570 mm, təkər bazasının genişliyi isə 2655 mm təşkil edir. Krossover öndə McPherson dayağı, arxada isə torsion dirəyi ilə təchiz edilir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, elektrokar 143 at qüvvəsi hasil edən elektromotor və 35,5 kVs-lıq batareya ilə təklif edilir. Dolu batareya ilə Mazda MX-30 modeli 200 km qət edə bilər. Yapon şirkətinin nümayəndələri avtomobilin avropalı alıcısının gün ərizndə ortalama 48 km qət ediyini və elektrokarın sahibinə geniş imkanlar açdığını bildiblər.
Avtomobilin qeyri-adi qapı konstruksiyasına gəldikdə isə, arxa qapıların görünən dəstəklərinin olmadığı nəzərə çarpır. Bununla belə, yaponlar orijinal formalı qapıların sərnişinlərin həm ön, həm də arxa oturacaqlara asanlıqla oturmasını təmin etdiyini bildiriblər.
Mazda MX-30 modelinin salon tərtibatında yalnız ekoloji materiallardan istifadə olunur. Bunlara misal kimi süni dərini, təkrar emal olunmuş tıxac ağacını və fakturası parçanı xatırladan yenidən emal edilmiş polietileni göstərmək olar. Oturacaqların tərtibatında istifadə edilən Black Denim materialı yenidən emal edilmiş xammaldan hazırlanıb.
Elektromobil DYM-li avtomobilin hərəkəti zamanı yaranan səsləri təqlid edən dinamiklər sistemi, e-GVC Plus dartma qüvvəsinə nəzarət funksiyası ilə təchiz edilir. Elektromobil 2020-ci ildə satışa çıxarılacaqdır. Artıq Avropadakı dilerlər Mazda MX-30 modelinə öncədən sifarişləri qəbul etməyə başlayıblar.