“Taliban” Əfqanıstan vətəndaşlarının ölkəni tərk etməsinə icazə verəcək

0
353

Sənədləri olan əfqanıstanlılar Kabil hava limanının mülki hissəsinin açılmasından sonra xaricə gedə biləcəklər.

Bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin sözçüsü Suheil Şahin “Twitter” hesabında açıqlayıb.

Onun sözlərinə görə, cümə axşamı günü “Taliban” heyəti Qətərin paytaxtı Dohada danışıqları aparan fransalı Fransua Rişye və digər diplomatlarla görüşüb. Görüş zamanı tərəflər siyasi məsələləri və Əfqanıstandakı işlərin vəziyyətini müzakirə ediblər.

“İslam Əmirliyi” (“Taliban” siyasi sistemi) heyəti təsdiq edib ki, etibarlı sənədləri olan hər bir Əfqanıstan vətəndaşı xaricə gedə bilər və bütün əfqanıstanlılar üçün hava limanının mülki hissəsinin açılışından sonra müvafiq səyahət şəraiti təmin ediləcək”, – deyə o qeyd edib.

Şahin həmçinin vurğulayıb ki, hava limanı ilə bağlı vəziyyət ətraflı müzakirə edilir.