Tahir Süleymanov: Tovuzlular hər zaman vətənpərvərliyi ilə seçiliblər…

0
44

Futbol azarkeşlər üçün oynanılır. Fanatları olmayan klub, hətta zəngin olsalar beıə, kimsəsiz komanda rolunu oynayır.

Tovuzda tələbkar, tələbkar olduğu qədər də səmimi azarkeş ordusu var. Hər biri “Turan”ın təmənnasız fanatıdır. Hər bir yerli tərəfdar, sevimli komandasını öz övladı sayır.

Tovuza tədbirdən bir gün öncə səfər etdik. Qonaqpərvər tovuzlular bizi tək qoymadılar. Ruhuna kimi ziyalı azarkeş olan Fikrət Məmmədov çay dəstgahı təşkil etdi, “Qarabağ”-“Zirə” oyununu bir yerdə seyr etdik.

Axşamçağı keçirilən oyundan sonra Qurban Qurbanov sabah özünü Tovuza çatdıra biləcəkmi sualı ara-sıra səslənirdi…

Köməkçilərim Sabir Hacıyev, Azad Hüseynov keçmiş günləri xatırlayır, zarafatlarından qalmırdılar. Çempion “Turan”da Vidadi Əhmədovun “sağ əli” Şahin Mehdiyev xatirələrini danışır, ruhən o günlərə qayıdırdı.

Fikrət Məmmədov bir az soyuqlasa da, bizi tək buraxmır, bugünkü “Turan”ı müzakirə edir, hakimliklə bağlı itirilən xalların, epizodların izahını istəyir, suallar verirdi. Bu arada Şahin müəllimə zəng gəldi, harada olduğumuz soruşuldu. Qısa vaxtdan sonra Vidadi Əhmədov, Yaşar Sultanov, Vidadi müəllimin qardaşı Fikrət Əhmədov təşrif buyurdular…

Təşkilatı işlərin yükü, yol yorğunluğu olsa da, dəyərli dostlar bizi tərk etmirdilər. Vidadi müəllimin təklifi isə ürəkaçan oldu. Əməliyyatdan yeni çıxmış, “Turan” sevdalısı, yaşı artıq 70-i keçmiş Nəriman qardaşımıza baş çəkməyi təklif etdi. Çılğın fanatlığı ilə seçilən, liderlik edən, ehtiyac yarandıqda cibinin vəsaitini “Turan”a xərcləyən, özü mərd olduğu kimi, mərd oğullara dəyər verən Nəriman müəllimi son dəfə 25-30 il öncə görmüşdüm. Vidadi müəllimin təklifi hamımızın ürəyincə oldu…

Nəriman qardaşımızı ziyarətimiz onun üçün gözlənilməz, xoş sürpriz oldu. Necə sevindiyini görməyə dəyərdi… Xeyli söhbətləşdik, keçmiş illəri xatırladıq və uzun illərdən sonra, ruhən “Turan”la yaşayan dostumuzun daha bir keyfiyyətini gördüm. Açığı, məlumatlı deyildim. Möhtəşəm səsi ilə “Azərbaycan” mahnısını bir nəfəsə oxudu. Tovuzlular hər zaman vətənpərvərliyi ilə seçiliblər…

Təşkilatı işlrdə əməyini əsirgəməyən Fikrət Məmmədov, oyun günü də bizi tək qoymur, müşaiyət edir, qulluğumuzda dururdu. Yuxarıda ziyalı azarkeş ifadəsini təsadüfən işlətmədim, Fikrət müəllim iliyinə kimi ziyalı insandır və bu günə kimi gənc nəslin sağlam, savadlı böyüməsində əməyini əsirgəmir…

Oyun günü, sonra rəsmi ziyafət… Dostlarla birgə, Fikrət müəllim Bakıya yola düşənə kimi bizim qayğımızı çəkdi. 14 noyabr – Fikrət Məmmədovun dünyaya göz açdığı gündür.

Futbol fədaisini ürəkdən təbrik edir, sevimli “Turan”ın avrokuboka vəsiqə qazanması sevincini yaşamasını arzu edirəm.