Tahir Kərimli: “Deputat maaşı ailəyə bəsdir, hələ yardımlar da edirik”

0
171

“Mən, sadəcə, oğlumun “Green card” vasitəsilə ABŞ-a getməyə hazırlaşdığı ilə bağlı yayılan yalan məlumatlara aydınlıq gətirmişdim. Bu qədər söhbətin içində nə üçün Tahir Kərimlinin oğlunun iş tapmaması qabardılır? Heç bu məsələnin mövzuya aidiyyatı yoxdur. Tamamilə başqa məsələdən indi mənim əleyhimə düşməncəsinə istifadə olunur ki, oğlum iki aydır iş tapmır və sairə. Biz kimdənsə iş istəmirik, bunun kiməsə dəxli yoxdur. Bu nə söhbətdir, nə düşmənçilikdir? Mənim oğlum işi necə tapacaq, nə edəcək, ya MAXE olacaq, bunun kimlərə nə dəxli var? Nə qədər hörmətsiz yanaşmadır. Mən inanıram ki, xalqım belə deyil. Suyu bulandırmaq istəyənlər, mənə qarşı xoş münasibətdə olmayanlar var. Böyük bir müsahibənin içində yarım cümləni tamamilə başqa cür düzəldib paylaşırlar. Əlyehimə videolar, fotolar yayıb, təbliğat aparırlar”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli deputat maaşının onun ailəsinə yetərli olmadığı, buna görə oğluna iş axtardığı barədə səslənən fikirlərə də münasibət bildirib:

“Söhbət deputat maaşındanmı gedir? Deputat maaşı da alınır, ailəyə də bəsdir, hələ yardımlar da edirik. Biz nə vaxt demişik ki, deputat maaşı bəs deyil? Ayıbdır, bunu demək, doğrudan da, ayıbdır. Dediyim, demədiyim sözü xəbərin başlığına çıxarıb, mənə qarşı düşmən kimi istifadə edirlər. Belə olmaz axı, belə düşmənçilik olmaz!”.

Deputat özünün və ailə üzvlərinin saxta profil açaraq sosial şəbəkələrdə şərhlər yazması barədə yayılan iddialara isə belə cavab verib:

“Ayıbdır, deyəsən ki, Tahir Kərimlinin övladları, qardaşları saxta profillə sosial şəbəkələrdə şərh yazırlar. Mənim partiyam var. Partiyamda onlarla insan maaş, yardım alır, üzvdürlər. Kimin nə ehtiyacı var saxta profilə? Məgər biz iki-üç nəfərik? Mənim heç buna vaxtım varmı? Bu nə deməkdir? Niyə özlərinə aid olan xüsusiyyətləri bizim adımıza verirlər? Bütün bunlar yalandır”.