“Təzadlar”ın 26 yaşı tamam olur

0
702
Aprelin 14-ü «Təzadlar» qəzetinin ad günüdür. Daha doğrusu, 1993-cü il aprelin 14-də ilk nömrəsi işıq üzü görən qəzetin bazar günü 26 yaşı tamam olur.
Bu 26 ildə vətənimiz Azərbaycan qədər başı müsibətlər çəkən qəzet Azərbaycan dərdləri ilə baş-başa olub. Çünki 1992-93-cü illərdə Azərbaycanın Qarabağı erməni-rus hərbi birləşmələrinin xain niyyətli işğalı ilə üz-üzə qalmışdı. «Təzadlar» da bu böyük və tarixi faciəmizin ağrılarından doğuldu, o vaxtdan da zaman və məkan, adamlar, insanlar, kütlələr, partiyalar, siyasi niyyətlər… dəyişsə də, «Təzadlar»ın «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!» şüarı dəyişmədi. Qəzet dünya şöhrətli alim Xudu Məmmədovun adına təsis olunmuş, mərhum «OMON» komandiri, daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadovun sədri olduğu X.Məmmədov Xeyriyyə Cəmiyyətinin təsisçiliyi ilə yaradıldı. Məlum 1995-ci ilin 13-17 mart hadisələrindən sonra cəmiyyət ləğv olundu, kollektiv təsisçiliyi öz üzərinə götürdü. Bu böyük bir məsuliyyət idi. Sayı kiçik, ürəyi böyük, qəlbi təpərli kollektivin mübarizliyindən və vətənsevərliyindən doğan qəzet 26 ildir yol gəlir və gedir… Və dövlətmizin büdcəsinə yük olmadan məlum şüarımızla 26 ildir xalqımızın Qarabağ yaddaşını itiləməklə məşğuluq. Günahdırsa, yazın boynuma. Amma etiraf edim ki, günahlarımız da çox olub. Hansını deyim?! Bəli, məhkəmələrə verilməyimiz, həbs edilməyimiz, təzyiqlərə məruz qalmağımız, bəzən görünməmiş vəziyyətlərlə üz-üzə qalmağımız və qara niyyətlilərin «qara siyahı»larına düşməyimiz… bu günahlarımızdan qaynaqlanıb. Bəli, biz neyləyək ki, Vətəni vətən olduğu üçün sevdik, Azərbaycana vəzifə, pul, sərvət, kef… gözü ilə baxa bilmədik. Yemək istədiklərimizi yedilər, almaq istədiklərimizi aldılar, gəzmək istədiklərimizdə gəzdilər… Amma içimizdə-aramızda gəzə bilmədilər! Biz yaltaqlığı, ikiüzlüyü, üzdə-bir söz, arxada başqa söz deməyi, partiyadaşlarımızı, dostumuzu, çörək kəsdiklərimizi… sata bilmədik! Həm də dünən təriflədiyimizi söyə, söydüklərimizi isə tərifləyə bilmədik! Satdığımız- zülm ilə çıxardığımız bu qəzeti oxuculara satmaq oldu! Biz satılmadıq, alınmadıq! Evimizi yandırdılar, maşınımızı yandırdılar, dözdük və dözürük! Qarabağda evlərimizə, torpaqlarımıza od vurub yandırdılar, ölmədik ki!
Bir dəfə yekələrdən birinin əməllərindən yazmışdıq. Zəng vurub dedi ki, görün sizin ananızı necə ağladacağıq! Dedik ki, «Sizi bilmirik, bizim anamız Azərbaycandır və neçə illərdir ağlayır…».
Azərbaycan Xocalıda, Şuşada… ağlayırdı onda…
Nə isə… 26 yaşımız mübarək! 

Asif Mərzili