Təyyarədə toy edirlər

0
324
Təyyarədə toy edirlər

Yaponiyada təyyarədə toy edilməsi təklif olunub.

Bu təşəbbüslə ölkənin aviadaşımalar sahəsində nəhəng şirkəti olan “All Nippon Airways Co.” (ANA) çıxış edib.

Şirkət koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlar azaldığına görə yeni ailə qurmaq istəyənlərə təyyarənin göyərtəsində toy mərasiminin təşkilini təklif edir.

Şirkət bu xidmət üçün Tokionun “Haneda” beynəlxalq hava limanında mayın sonlarından iyunun 13-dək böyük “Boeing-777” təyyarələrini ayırıb. Bildirilir ki, həmin müddətdə cəmi yeddi cütlüyün belə mərasim keçirməsi üçün sifariş qəbul edilib.

Toy mərasimi zamanı iştirakçılara canlı musiqi, göyərtə bələdçiləri tərəfindən yeni ailə quranlara təbrikin səslənməsi və təyyarənin tavanında qalaktikanın görüntüləri təklif edilir.

Toyun qiymətinə gəlincə, təyyarədə mərasimin təşkili 1,56 milyon yenə (təqribən 14 min 200 dollar) və aerovağzalın binasında şənlik 3 milyon yenə (təqribən 28 min dollar) başa gəlir.

Şirkətdən bildirilir ki, bu ideya mərkəzi hökumətin pandemiyaya qarşı tətbiq etdiyi məhdudiyyətləri nəzərə almaqla toy mərasimlərinin təşkilinə şərait yaradır. Bu, həm də axşam saatlarında spirtli içkilərin satışına qoyulan qadağanı da aradan qaldırmağa imkan verir.

Qeyd edilir ki, ilk belə mərasim mayın 23-də şirkətə məxsus təyyarənin biznes salonunda təşkil edilib. Toyda ümumilikdə 30 nəfər iştirak edib.