Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, bir sıra firmalara məxsus dondurmaların tərkibində nöqsanlar aşkarlanıb. Lakin nöqsanlara rəğmən, həmin firmalara məxsus dondurmaların hələ də satışda olması ictimaiyyətdə narazılığa səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı AQTA-dan cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı proses hazırda davam etdirilir:
“Agentlik tərəfindən rəsmi açıqlanan məlumatda konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlı proses davam etdirilir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq”.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib. Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
“Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;
Fiziki şəxs Səringül Kərəm qızı Yusubova tərəfindən istehsal olunan “Selena” əmtəə nişanlı Qlobus Eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı çiyələkli dondurma;
“Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;
Fiziki şəxs Müzəffər Müslüm oğlu Poladov tərəfindən istehsal olunan “Naturalika” əmtəə nişanlı dondurma.
Eyni zamanda “Naturalika” əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82%-li kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.
43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcəkdir.