Son günlərdə aparılan Rusiya-Ermənistan danışıqları nəticəsində artıq Rusiya Ermənistana öz arsenalında olan “Orlan-10″ pilotsuz uçuş dronları verib.
Əlbəttə, bu dronların idarəetməsini ermənilərin aparması mümkün deyil. Demək ki, idarəetməni Rusiya mütəxəssiləri aparır..
Bu dronların üstünlüyü ondadır ki, onlar hədəflərə artilleriyanı yönəldə bilir və Azərbaycan ordusunun texnikasına və canlı qüvvəsinə qarşı istifadə olunur. Artıq bu drondan dünən Azərbaycanın Şuşa yaxınlığındakı qüvvələrinə qarşı istifadə edilib. Bu yeni gediş Azərbaycan hava qüvvələri üçün həyəcan siqnalıdır və onların sayıqlığının yüz qat artması deməkdir. Bu PUA-ların havada dərhal məhv edilməsi əsgərlərimizi hər hansı təhlükədən həmən qurtarar.
Artıq xarici eksperlər də bu PUA-nın Rusiaynın “Orlan-10” olduğunu bildirmişdir. Bu PUA-lar silahsız olub, istənilən şəkildə havada 18 saata qədər qala bilir, kəşfiyyat, müşahidə, siqnalları qarışdırma funksiyaları yerinə yetirir. Komanda və avtonom şəkildə funksiyasını yerinə yetirə bilir. Ən təhlükəli odur ki, artilleriyanı hədəfə yönəldir. Görünən odur ki, Rusiya bu silahdan qüvvələrimizin Laçın və Şuşa istiqamətində irəliləyişinin qarşısını almağa çalışır.
Yeri gəlmişkən, artıq Şuşanın müdafiəsinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bilavasitə rəhbərlik edir. Ermənilərin “Orlan-10” insansız uçuş aparatları ilə təmin edilməsi düşməndə ruh yüksəkliyi yaratsa da, artıq gecdir.
Dövlət başçısının dediyi kimi vasitəçi dövlətin müasir silahla Ermənistanı təchiz etməsi bir daha göstərir ki, Azərbaycan bu münaqişədə qlobal güclərlə qarşı-qarşıyadır. Müharibənin bu fazasında bu gücün düşmənə nəfəs vermək cəhdləri əbəsdir və artıq Azərbaycan əsgərinin azadetmə əməliyyatlarının qarşısını ala bilməz, yalnız ləngidə bilər.