Təqaüdçülərə ŞAD XƏBƏR: Yanvarın 1-dən etibarən…

0
164

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanuna görə, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanundan irəli gələn məsələlərlə bağlı Medianews.az-a bildirib ki, 2024-cü ilin dövlət büdcəsi gələn ilin də sosial paketin dərinləşəcəyini göstərir.

Millət vəkilinin sözlərinə görə, büdcə xərclərin 45, cari xərclərin 70 faizi sosialyönümlü olacaq: “Bu o deməkdir ki, sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artımlar olacaq. Ehtiyac meyarının və yaşayış minimumunun artırılması ilə bağlı qərarın verilməsi həm də sosial yardımla təmin olunan vətəndaşların büdcədən daha çox vəsait almasına gətirib çıxaracaq. Ehtiyac meyarının məbləği 270 manata çatdırılıb. Bu o deməkdir ki, 5 nəfərlik ailədə hazırda sosial yardım alan vətəndaşlarımıza aylıq ödənilən vəsaitin həcmində təxminən 60 manat artım qeydə alınacaq. Əgər həmin ailələr ünvanlı sosial yardım proqramı çərçivəsində ailə olaraq 450 manat orta hesabla vəsait alırdılarsa, həmin vəsait, yardım məbləği 510 manata qədər yüksələcək”.

İqtisadçı deputat deyib ki, yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək: “Artıq 2024-ci ilin yanvarın 1-dən etibarən pensiyanın indeksasiya olunması və artırılması həyata keçiriləcək. Bu xərclər dövlət büdcəsində artıq nəzərə alınıb. Bütövlükdə sosial istiqamətlərlə yanaşı, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı xərclərdə də artımlar olacaq. 4 milyardan artıq vəsait bu istiqamətə yönəldiləcək. Təhlükəsizliyimizin gücləndirilməsi ilə bağlı 6,2 milyard manat vəsaitin ayrılması nəzərə tutulur. Ona görə də 2024-ci ilin büdcəsi Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesin sürətləndirmək, social təminat sisteminin daha da gücləndirməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi kimi prioritet məsələlərin həllinə dəstək olacaq”.