Təmtəraqlı toy əvəzinə, kasıb uşaqlara hədiyyələr etdilər və ağac əkdilər

0
873

Qırğızıstan paytaxtında bəy və gəlin təmtəraqlı  nikah mərasimi və toy keçirmək əvəzinə, şəhərdə 30 ağac əkib və aztəminatlı ailələrin uşaqlarına hədiyyələr  ediblər. Bu haqda  Bişkek şəhər mediasının mətbuat xidməti məlumat yayıb.28 yaşlı Zalkar Nazarbekoğlu və 25 yaşlı Aycamal Zamirbekova uşaqlarla dükanları gəzərək alış-veriş edib və onlara lazımlı şeyləri alıblar. Hər bir uşaq özünə paltar seçib. Sonra yeni evlənənlər Bişkekin Abdraxmanov və Frunze küçələrinin kəsişməsində  30 tozağacı əkib. Uşaqlar da onlara fəal şəkildə kömək ediblər.  Gənc ailəni təbrik etməyə gələn Qırğızıstan Respublikası Əmək və Sosial İnkişaf Nazirliyinin nümayəndələri nazir Ulukbek Koçkorovun adından onlara təbrik və təşəkkür məktubunu çatdırıb. Ağac əkilməsi ideyası “Bişkek yaşıllaşdırma təsərrüfatı” bələdiyyə müəssisəsi tərəfindən dəstəklənib. Əvvəl pərakəndə ticarət obyekti yerləşən ərazi təmizlənərək hazırlanıb və  gənclərə fidan seçimi və onların düzgün əkilməsi barədə də məlumat verilib.  Yeni əkilmiş ağaclara müəssisə əməkdaşları qayğı göstərəcəklər.Bəy və gəlin təmtəraqlı toydan imtina etmək qərarını onunla izah ediblər ki, son vaxtlar cəmiyyətdə israfçı tədbirlərin faydasızlığı barədə ciddi məsələ qaldırılır. Çünki bir çox vətəndaşlar nişan və ya toy etmək üçün böyük məbləğdə borclar götürməyə və  illərlə kredit, sələm ödəməyə, iş üçün xaricə  getməyə məcbur olurlar. Beləliklə, Zalkar və Aycamal Qırğızıstan paytaxtının yaşıllaşdırılmasına öz töhfəsini verən dördüncü gənc cütlük olub.