Təkcə göz çıxarmır, şəfa da verir

0
145

Üzərliksən havasan.

Min bir dərdə dəvasan.

Üzərliklər çırtdasın,

Yaman gözlər pırtdasın.

Dünyagörmüş qocalar evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü “dərd dəvası” kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə həmin bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar.

Bitkinin yumru toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır. El arasında yayılan inama görə, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin, kiməsə toxuna biləcək sədəmənin qarşısını alır. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir.

Tibbi mənbələrdə qeyd olunur ki, üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir, beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumalar və oynaq ağrıları üçün faydalıdır.

Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və s. rənglər alınır. Üzərliyin yağından sabun alınır.

Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.

Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.