Təhsil şöbəsinin müdiri: “İcra hakimi məndən üç min manat rüşvət aldı”

0
1901

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri işləyir.

O deyib ki, daha əvvəl V.Hacıyevin birinci müavini vəzifəsində çalışıb:

“Mən İmişli Rayon İcra Hakimiyyətini əməkdaşlarını Prezident yanında Dövlət İdarəçilik Akademiyasına göndərişlər etmişəm”.

Daha sonra şahid qismində Mahir İsmayılov dindirilib. O, hazırda İmişli şəhər bələdiyyəsinin sədri vəzifəsində işlədiyini söyləyib:

“Şəhərin abadlaşdırılması üçün rayon icra hakimiyyətinə 4 min manat pul vermişəm. Sahibkar Taleh Şirəliyev mağazasına sənəd almaq istəyirdi. Mən bu işlə bağlı icra başçısının qəbuluna getdim. O, baş mühasib Cəmil Musayevi çağıraraq, bu məsələni ona həvalə etdi. Mən də Cəmilə ilk olaraq 800 manat, daha sonra isə 400 manat pul verdim”.

Şahid Əli Qurbanov İmişli rayon Göbəktala kənd bələdiyyəsində çalışdığını vurğulayıb. Onun sözlərinə görə, kənd icra nümayəndəsi təyin olunması üçün V.Hacıyevə 4 min manat pul verib: “Lakin verdiyim məbləğ rəsmiləşdirilmədi”.

Məhkəmədə Göbəktala kənd bələdiyyəsinin sədri Əbülfət Əliyev də ifadə verib. O deyib ki, İmişli rayonunda uzun müddət icra nümayəndəsi vəzifəsində çalışıb: “İmişli şəhərinin abadlıq işlərinin görülməsi üçün 2 min 700 manat pul vermişəm”.

Sahibkar Zülfüqar Cabbarov isə ifadəsində 150 hektarlıq torpaq sahəsinin sənədləşdirilməsi üçün rayonun baş mühasibinə16 min manat pul verdiyini söyləyib.

Şahid Ələmdar Quliyev dindirilən zaman vurğulayıb ki, İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. O, baş mühasibə “Ölkəmizi tanıdaq” layihəsinə görə RİH-nin baş mühasibinə 3 min manat pul verdiyini deyib: “Vəzifəyə təyin” ediləndən sonra Vilyam Hacıyev məni əsassız yerə sıxışdırırdı, pul istəyirdi. Daha sonra ona üç min manat pul verdim”.

Şahid Füzuli İsayev V.Hacıyevin köməkçisi işlədiyini bildirib. Onun sözlərinə görə, rayonda hər hansı layihə həyata keçirmək istəyən ayrı-ayrı şəxslər konvertlərdə pul gətirib verirmiş: “Mən də həmin pulları Vilyam Hacıyevə təqdim edirdim”.

Şahid Tamerlan Qurbanzadə mağazasına sərəncamın verilməsi üçün 2 min manat, Əziz Hüseynov 100 hektar torpağa sənəd almaq üçün 20 min manat və Cavid Sarıyev isə RİH-nə işə qəbul olmaq üçün baş mühasibə 15 min manat pul verdiklərini qeyd ediblər.
Məhkəmənin növbəti iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.