Təhsil naziri valideynlərə müraciət etdi – VİDEO

0
439

Təhsil naziri Ceyhun Bayramov Novruz Bayramı münasibətilə şagirdləri təbrik edib.

O, bildirib ki, UNESCO-nun məlumatına əsasən dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənarda qalıb.

“Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən də bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb.

Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq.

Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımına start verildi. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi.

Ümidvaram ki, şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəraitində müəllimlərin məsafədən verdikləri izah və təlimatlara uyğun olaraq, dərsliklərdə olan ev tapşırıqlarını yerinə yetirərək tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar”, – deyə nazir C.Bayramov qeyd edib.

Nazir valideynlərə də müraciət edib:

“Bu işdə onlara valideynlər dəstək olmalıdır. Övladlarınızın ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalısınız. Əminəm ki, yaxın zamanlarda bütün işlər öz axarına qayıdacaq, təhsil müəssisələrində dərs prosesi təmin olunacaq. Sizin Novruz Bayramınızı təbrik edir, ruzi bərəkət və sağlıqlı günlər arzu edirəm”.