Təhsil krediti alanlara şad xəbər: pulun yarısı bağışlana bilər RƏSMİ

0
311

Təhsil tələbə kreditlərinin verilməsi və qaytarılması qaydaları açıqlandı

Təhsil tələbə kreditlərindən yararlanan tələbələr bütün semestrlər üzrə “əla” nəticə göstərəcəkləri təqdirdə onlara güzəştlər ediləcək.  

Bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Araz Paşayev deyib.

A.Paşayev Azərbaycanın təhsil tələbə krediti modelinin dünyanın bütün ölkələrində tətbiq edilən mexanizmdən yaxşı olduğunu iddia edib.

A.Paşayev bildirib ki, kreditlərin verilməsi və qaytarılması qaydaları nümunəvi model üzərində qurulub. 

O əlavə edib ki, Azərbaycanda kredit verilən zaman tələbə qarşısında zaminlik, girov və ya hansısa tələb qoyulmur. Onun sözlərinə görə, sosial qrupa aid tələbələrə 2 faizlə kredit verilir. Sosial qrupa aid olmayan, ümumi müvəffəqiyyət göstəricisi 71 bal və ondan yuxarı olan və təhsil haqqının 20 faizini özü ödəyən tələbələrə isə 6 faizlik kredit verilir. Kredit illik təhsil haqqı 400 manatdan 10 manata kimi olan tələbələrə verilir. Bunun effektiv mexanizm olduğunu deyən A. Paşayev vurğulayıb ki, artıq hansısa abituriyentin ödənişli ixtisas seçimi qorxusu olmayacaq. 

Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat pilləsində illik ödənişin orta hesabla 2100-2200 manat civarında olduğunu xatırladan Fond rəhbəri təhsil tələbə kreditlərinin verilməsi və qaytarılması qaydalarını da açıqlayıb: “Dörd il ərzində tələbə 8600 manat kredit götürür. Həmin tələbə 8600 manatı 10 il ərzində ayda 79 manat olmaqla qaytarır. Bunun 71 manatı əsas borcdan silinir, qalanı isə faizdən”.

Onun sözlərinə görə, əgər sosial təhsil tələbə krediti alan şəxs bütün semestrlər üzrə 71 baldan yuxarı göstəriciyə nail olarsa, o, faizdən tam azaddır: “Əgər sosial təhsil tələbə krediti alan tələbənin bütün semestrlər üzrə göstəricisi 91 baldan yuxarı olarsa, aldığı kreditin 50 faizi ona bağışlanır. Yəni, 8600 manatın 4300 manatı ona bağışlanır. Qalan 4300 manatı da faizsiz 120 aya bölməklə ödəyir. Eyni qayda standart təhsil tələbə kreditində də var. Yəni, bütün semestrlər üzrə 91 baldan yuxarı göstəricisi olan tələbənin götürdüyü 8600 manat kreditinə faiz hesablanmır və onun aldığı kreditin 25 faizi dövlət tərəfindən bağışlanır. Düşünürük ki, belə olan halda tələbələr əlaçı olmağa çalışacaqlar. Beləliklə, biz, həm təhsilin əlçatanlığını təmin etmiş oluruq, həm də təhsilin keyfiyyətini artırırıq”.

A.Paşayev əlavə edib ki, tələbə krediti aldıqdan sonra təhsil aldığı müddətdə ona faiz hesablanmır: “Sonra iki il güzəşt müddəti verilir. Ondan sonra 10 il ərzində krediti qaytarır”.