Təcili yardım maşını buna görə gecikir – Polkovnik

0
554

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar qurulan postlarda hərəkət üstünlüyü olan avtomobillər üçün ayrıca zolaq yaradılıb.

Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının postlarda tıxacda qalması və bunun çox ciddi problemlərə səbəb olması barədə səsləndirilən iradlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu zolaqlar bir neçə küçədə qurulsa da, bəzi sürücülər tərəfindən zəbt olunur:

“Təcili tibbi yardım maşınları da daxil olmaqla, hərəkət üstünlüyünə malik olan maşınlar üçün ayrıca zolaq ayrılıb. Bu zolaqlar Yusif Səfərov küçəsində, metronun “Koroğlu” stansiyası ilə üzbəüz ərazidə, Parlament prospektində var. Bu ərazilər kifayət qədər enli yollardır. Təəssüf ki, bəzi sürücülərin postlardan tez keçmək istəyi və həmin zolağı tutması ilə bu mənzərə yaranır. Bu da əsasən avtomobillərin hərəkət intensivliyi yüksək olan ərazilərdə qeydə alınır. Əksər hallarda əməkdaşlarımız təxminən 50-100 metr məsafədə durmaqla sürücülərə istiqamət göstərirlər”.

V.Əsədov onu da bildirib ki, ayrılmış zolaqları zəbt edən sürücülərlə profilaktiki söhbətlər aparılır:

“Bu cür profilaktiki tədbirlər müsbət nəticə əldə edilməsinə imkan verir”.