“Bu gün, əsasən, payız aylarında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür:
“Tez bir zamanda təsdiq olunmuş peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir”.
Y.Qarayeva əlavə edib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar:
“İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.