TƏBİB-dən koronavirusla bağlı XƏBƏRDARLIQ: Bayram günlərində…

0
319
TƏBİB-dən koronavirusla bağlı XƏBƏRDARLIQ: Bayram günlərində...

Koronavirusa yoluxmaların sayı artmağa davam edir. Əslində bu, gözlənilən idi. Qapanmalara getdiyimiz aylarda xəstə sayı azalmağa doğru gedir, lakin yumşalmadan bir müddət sonra əhali arxayınlaşır və yenidən artım müşahidə olunmağa başlayır. İndi də eyni tendensiyanı görürük.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib. Ekspert bildirib ki, bu kimi halların təkrarlanmasının səbəbi yumşaldılmadan sonra təmasların artmasıdır:

“Nəzərə almalıyıq ki, virusun asimptomatik və simptomatik formaları var. Belə olan halda qoruyucu tədbirlərdən istifadə etmədikdə virusun ötürülməsi asanlaşır. Görürük ki, kafe və restoranlarda insanlar sosial məsafə qaydalarını gözləmir. Azalmanın qarşısını almaq istəyiriksə, karantin tədbirlərinə diqqət etməliyik. Vətəndaş məsuliyyətini unutmamalıyıq. İstər nəqliyyat vasitələri, istərsə də digər qapalı məkanlarda qoruyucu tədbirlərə nə qədər düzgün əməl etsək, özümüzü bir o qədər qorumuş oluruq”.

Həkimin sözlərinə görə, maskalardan düzgün istifadə olunmaması da yoluxmaların sayının artmasına səbəb ola bilir.

“İnsanlar maskaya qoruyucu deyil, daha çox cəza və cərimədən yayınmaq vasitəsi kimi yanaşırlar. Görürük ki, maska burnun və ya çənənin altında olur. Burun və ağız maska ilə örtülməzsə, təbii ki, virusa yoluxma ehtimalı artır. Digər bir məsələ maskaların dəfələrlə istifadə olunmasıdır. Tibbi maskaların maksimum istifadə müddəti 6-8 saatdır. 6-8 saatdan çox istifadə olunmuş maska yararsız hesab olunur. Əhali arasında geniş istifadə olunan parça maskaların da qoruyuculuğu yoxdur, sadəcə cərimədən yayındırır. Maskaya dəyər verməliyik, yanaşma tərzi dəyişməlidir”.

Vasif Əliyev qeyd edib ki, virusun bütün ştammlarına qarşı qorunma tədbirləri eyni olaraq qalır:

“Viruslar tez-tez mutasiya olunmaq qabiliyyətinə malikdir. Mutasiyadan sonra yeni yaranan ştammlar özünə yeni xüsusiyyət qazanır. Məsələn, yoluxuculuq qabiliyyətinin sürətlənməsi Britaniya ştammına daha çox xasdır. Virus virulentliyini daha da artıra, azalda bilər. Və ya ştammların daha öldürücü versiyaları yarana bilər. Əslində, zamanla yeni yaranmış mutasiyalar nəticəsində virus özü-özünü də yox edə bilər. Bu, RNA viruslarına xas əlamətdir. Lakin biz buna arxayın olmamalıyıq. Virusun ştammına qarşı dəyişməyən qoruma tədbirlərinə davam etməliyik”.

İnfeksionist vurğulayıb ki, Novruz bayramı ilə əlaqədar yoluxma sayı daha da arta bilər:

“Bayramda insanlar bir-birinə daha çox qonaq gedir. Odur ki, xəstə sayının artması davam edəcək. Vəziyyəti nəzarətdə saxlamaq üçün əhalini daha diqqətli olmağa səsləyirik, dırnaqarası baxmamalıyıq. Bayram günlərini hər kəs öz evində ailəsi ilə birlikdə qeyd etsin. Əks halda rəqəmlər mini ötə bilər. Qışda əhalinin çoxu virusa yoluxdu və immunitet qazandı. Bununla yanaşı vaksinasiya həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, xəstəlikdən sonra yaranan antikorlar bəzən daha qısa müddətdə yox ola bilir, daimi olaraq qalmır. Praktikada da görürük ki, təkrar yoluxmalar olur. “Xəstəliyi keçirmişəm, vaksin vurdurmuşam və rahat gəzə bilərəm” fikrindən yayınmaq lazımdır. Qorunma tədbirlərinə bir qayda olaraq hamı əməl etməlidir”.