Milliyyətçi Hərəkat Partiyasının (MHP) Şuşada inşa edəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.
Bildirilir ki, məktəbin layihəsi ilə əlaqədar Azərbaycana yollanan layihənin memarı, İspartanın keçmiş bələdiyyə başçısı və Bahçelinin müşaviri Yusuf Ziya Günaydın, MHP sədrinin köməkçisi, professor Mevlüt Karakaya və Ülkü Ocaqlarının rəhbəri Əhməd Yiğit Yıldırım geri qayıdıb.
Y.Z.Günaydın layihə və keçirilən görüşlər barədə məlumat verib. Onun sözlərinə görə, üzərində azadlıq çiçəyi – xarıbülbülün təsviri olacaq məktəbin yeri hələ tam müəyyənləşməyib.
Layihə memarı Şuşada hazırda kadastr işlərinin aparıldığını, bununla belə, Prezident İlham Əliyevin şəhərin ən gözəl yerində təhsil müəssisəsi üçün ərazi ayrılacağını vəd etdiyini bildirib.
Müşavir hazırda Şuşaya getmək üçün yol problemi olduğunu və bunun aradan qaldırılması üçün işlər görüldüyünü deyərək, bahar fəslinə kimi yolların açılmasının planlaşdırıldığını vurğulayıb:
“Prezident İlham Əliyev bizə də “Mən qardaşım olmadan Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin (MHP sədri Dövlət Bağçalı) də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını bildirdi. Hazırlıqlar bitəndən sonra yol açılışı, daha sonra isə iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”, – deyə o, vurğulayıb.