Bir qrup Şuşa sakininin şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarına səfəri maraqlı hadisələrlə yadda qalıb.
“Report” xəbər verir ki, uzun illərdən sonra ilk dəfə doğma yurdunu, torpağını və evlərini görən şuşalılar şəhərə sevinc göz yaşları ilə qədəm qoyublar.
1992-ci ildə şəhər ermənilər tərəfindən işğal olunduqdan sonra öz evlərini tərk edənlərdən biri də Zeynalova Bəsdi Qurban qızıdır. Ağdaş rayonunda məskunlaşan Bəsdi Zeynalova Şuşaya çatan kimi ilk olaraq öz evlərinə yollanıb.
O, böyüyüb boya-başa çatdığı mənzilə daxil olan zaman emosiyalarına hakim ola bilməyib.
Qarışıq hisslər içərisində olduğunu deyən Bəsdi Zeynalova həm sevindiyini, həm də kədərləndiyini bildirib: “Ona görə sevinirəm ki, uzun illərdən sonra artıq öz evimdəyəm, ata ocağındayam. Prezidentimizə çox-çox təşəkkür edirəm. Kədərlənirəm ki, ailə üzvlərimin hamısını qəriblikdə itirdim və mən bu gün öz evimizə, ata ocağımıza tək gəldim”.
Bu evdə böyüdüyünü bildirən Bəsdi Zeynalova deyib ki, Şuşa işğal olunan zaman döyüşlərin ən şiddətli vaxtlarında günlərini bu binanın zirzəmisində keçiriblər.
“Biz ailədə beş nəfər olmuşuq, bacım və iki qardaşım ailə qurub köçmüşdülər. Amma bir qardaşım isə bu evdə yaşayırdı. Amma qardaşlarımın üçünü də yad torpaqlarda itirmişəm. Buradan gedəndə onlar üçün torpaq aparacam. Doğrudur, ölkəmizin hər qarış torpağı bizimdir. Amma üzərində böyüyüb boya-başa çatdığı torpaq, uşaqlığını, gəncliyini yaşadığı torpaq”, – deyə şuşalı Bəsdi Zeynalova əlavə edib.