Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı: “Tələblərimiz yerinə yetirilənədək buradayıq”

0
142

“Tələblərimiz yerinə yetirilənədək biz buradayıq”.

Bunu açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva deyib.

O bildirib ki, hava şəraitinin soyuq olmasına baxmayaraq aksiya geniş miqyasda davam edir:

“Tələblərimiz yerinə yetirilənədək buradayıq. Qarşımızı heç kim kəsə bilməz. Azərbaycanın təbii sərvətlərini qorumalıyıq. Aksiyamıza hər gün yeni insanlar qoşulurlar və əhatəmiz daha da böyüyür. Heç bir qüvvə bizi buradan uzaqlaşdıra bilməz”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bu gün, dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.