Şuşa xəbərini xəstəxanada alqışlayan qazimiz: “Bir fikrimiz var idi – öldü var, döndü yoxdur” – MÜSAHİBƏ+FOTO

0
377

Qarşımdakı iki ermənidən birini vurdum. O biri də məni vurdu. Ağzıüstə torpağa yıxıldım, ağrıdan şoka düşmüşdüm. Çevriləndə gördüm ki, qolum məndən aralıya düşüb. Əzələlər isə qeyri-ixtiyarı işləyir. Əlimin necə açılıb-yumulduğunu gördüm…

 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsində sağ qolunu itirən qazı, Sahil Həsənovla müsahibəni təqdim edirik:

– Əvvəlcə sizə və sizin timsalınızda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan bütün hərbçilərimizə təşəkkür edirik.

– Bu bizim Vətən qarşısında borcumuzdur. Vətənə canımız qurban, yenə olsa, yenə də gözümü qırpmadan döyüşə gedərəm.

– Bildiyim qədəri ilə ailənizdən xəbərsiz, könüllü olaraq ön cəbhəyə yollandız.

– Bəli, döyüşlər başlayandan ön cəbhəyə getmək üçün can atırdım. Evdən sənədlərimi götürəndə şübhələndilər. Amma karantinə görə yoxlanış var deyib, döyüşdə iştirak üçün könüllü qeydiyyatdan keçdim. Oktyabrın 9-u döyüşə getmək üçün xəbər gəldi. Ailədir, övladdır, insan hər şeyi gözünün qarşısına gətirir. Üç övladımı geridə qoyub Vətənimə xidmətə getdim. Getdim ki, mənim övladlarımda daxil olmaqla, xalqımız, gələcək nəsil bu döyüşlərdən, mübarizədən uzaqda firavan yaşasınlar.

– İlk olaraq döyüşlərə hansı istiqamətdə başladız?

– Birinci olaraq Füzuli, daha sonra Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Əsgər yoldaşlarımızla ancaq irəli getməyi düşünürdük. Hər dəfə düşmənlərimizi öz torpaqlarımızdan qovanda döyüş əzmimiz daha da artırdı. Hər kəsin ağlında bir fikir var idi, öldü var, döndü yoxdur. Cəbrayıl istiqamətində bölgü aparılanda kəşfiyyata qoşulmaq istədiyimi dedim. Mənə dedilər ki, evlisən, üç uşağın var, bəlkə bir qədər geridə qalasan? Mən isə etiraz etdim. Mən bura gəlmişəm ki, torpaqlarımızı azad edim, övladlarımız rahat yaşasın. Bizim bir kapitan vardı, qoymurdu irəlidə biz gedək. Yaralanan günə qədər irəlidə özü getdi. Azad olunan postları da biz müdafiə edirdik.

Sonra postlara digər yoldaşları qoyub biz döyüşə-döyüşə irəli getdik. Həqiqətən Azərbaycan Ordusunun döyüş əzmi erməniləri qorxudurdu. Mən çiyin-çiyinə vuruşduğum əsgər yoldaşlarımın yaralandığını görürdüm, şəhid olduğunu görürdüm. O anı sizə izah etmək çətindi. Nə özünü itirə bilməzsən, nə də döyüşdən geri qala bilməzsən. Hər saniyə həyat və ölüm deməkdir.

– Döyüş meydanında baş verənləri düşünmək belə çətindir, siz bütün bunları yaşadız…

– Döyüş meydanında bizim ordumuz düşmənə qan uddurdu. Biz bu qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq. Ermənilər qabağımızdan qaçırdı. Silahlarını, texnikalarını atıb qaçırdılar. Bizim də yoldaşlarımız şəhid oldu. Bizim hər birimiz bir şeyi düşünürdük – yalnız irəli. O psixologiyanı təsvir etmək həqiqətən çətindir, yaşamaq lazımdır. Müharibə görmüş insan təmiz dəyişir. Bu torpağın hər qarışı bizim üçün əzizdir, nəinki mənim üçün, bütün əsgərlərimiz üçün. Odur ki, biz torpaqlarımızı nəyin bahasına olursa olsun azad etdik.

– Hansı istiqamətdə gedən döyüşdə yaralandız?

– Qubadlı rayonu Mahmudlu kəndi istiqamətində döyüşdə yaralandım. Qarşıda mənim istiqamətimdə olan ermənilərin əksəriyyətini vurdum, qaldı minaatan və ona mərmi verən. İlk mərmi verən ermənini vurdum, o biri də mən tərəfə minaatandan atəş açdı. Mərmi qolumu apardı, mərminin istisi qarın nahiyyəmi yandırdı. Amma mərmi partlamadı. Bir ona sevindim ki, 82 mm-lik mərmi partlamadı. Partlasaydı heyət məhv ola bilərdi.

– Bəs siz? Həmin an özünüzdə idiz yoxsa…?

– Bizim solumuzda general-mayor Mais Bərxudarov döyüşürdü. Biz ona baxıb daha da ruhlanırdıq. Yaralanırdıq, amma elə bilirdik ki, heç nə olmayıb. Bax bizə elə ürək-dirək verirdi. Əsgərlərin qabağında gedirdi döyüşə. O an sol tərəfə baxanda onu da gördüm. Bir an gözlərim qaraldı. Bir onu xatırlayıram ki, sağ tərəfim keyidi, ağzı torpağa yıxıldım. Nəfəsim getdi gəlmədi. Qolum parça-parça oldu, öz ətim öz ağzıma düşdü. Bir də baxdım ki, qolum məndən bir qədər aralıdadı. Baxanda gördüm ki, barmaqlarım qeyri-ixtiyari tərpənir. Vahimə basdı məni. Özümdə güc tapıb çevrildim, üç dəfə kəlmeyi şəhadət gətirdim. Uşaqlar tərəfə çönəndə Ədazil, Rahil, Elbəy adlı əsgər yoldaşlarımı gördüm. Bir kəlmə dedim ki, Allah xatirinə kömək edin. Huşumu itirənə yaxın eşitdim ki, Ədazil deyir ki, özünüzü itirməyin Sahili çıxaraq.

Rahil adlı uşaq gəldi cibindəki jqutla qolumu möhkəm bağladı ki, qan dayansın. Mənə təskinlik verə-verə ayaqlarımdan tutub sürüyü-sürüyə döyüş meydanından çıxardı. Sonra dağdan üzü aşağı, sıldırım qayalardan, tikanlı ağacların içindən keçə-keçə məni çiyinlərində tibb maşınına daşıdılar. Onların o qədər əziyyət çəkdiyini görüb, istəmədim mənə görə ləngisinlər, özümü atıb, onları düşünürdüm. Yalvardım ki, ağrıdan ölürəm məni buraxın sakit ölüm.

Sahil Həsənov deyir ki, şiddətli ağrıdan əsgər yoldaşını aldadaraq silahını alıb, çənəsinə dirəyib özünü öldürməyə də cəhd edib:

“Silahı alıb, ayaq barmağımı tətiyə qoyub atəş açacaqdım ki, silahı əlimdən aldılar. Ağrıdan dəli olmaq üzrəydim. İki dəfə ağrıkəsici vurdular, yenə ağrı məni öldürürdü”

– İlk olaraq hansı xəstəxanaya gətirdilər?

– Tibb maşını ilə Füzuliyə gətirdilər. İlkin yardım üçün Füzulidəki tibb məntəqəsinə gəldim, həkimlər müdaxilə edib sonra hospitala göndərəcəkdi. Həkimlərə də dedim ki, mənim üstümdə əziyyət çəkməyin, əgər öləcəmsə, o biri xəstələrə baxın məni buraxın. Vəziyyətimi görüb orda əməliyyat etdilər. Təəssüf ki, qolum ələ gələcək vəziyyətdə deyildi. Əməliyyatda qolumda bir sümük saxladılar ki, gələcəkdə protez taxıla bilsin.

Əməliyyatdan çıxıb normal palataya gətirdilər. Bir gün qaldım orda. Sonra göndərdilər Bakıya hospitala. Həkimlərimiz olmasa, heç inanmırdım ki, sağ qalaram. Allah onların canını sağ eləsin. Allahın yerdəki mələkləri kimidir həkimlərimiz. Sarğılarımı hər gün dəyişirdilər, yeməyi əlləri ilə verirdilər mənə.

– Yaralandığınız xəbərini ilk kimə verdiz?

– Qardaşımla danışdım. Amma narahat olmasın deyə, ona da demədim ki, vəziyyətim belə ağırdır. Amma xəstəxanaya gələndən sonra gördü, bildi. Hər birinə təskinlik verirdim ki, mən yaxşıyam. Siz möhkəm olun ki, mən də sizə baxım möhkəm olum.

– Sahil bəy, sizi məşhur edən o məqama gələk. Necə oldu ki, pəncərəyə çıxdız?

– Hərbi Hospitaldan sonra M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasına gətirdilər. Ağrıdan özümdə deyildim.Təəssüf ki, Şuşanı görə bilmədim. Mən Şuşanın azad olunmasını xalqımızın çoşğulu yürüşü ilə xəstəxanada eşitdim. Onda bildim ki, Şuşanı da almışıq. Şuşanın sevincini görə bilmədim, çox üzüldüm. Sarğıları təzə dəyişmişdilər, pəncərədən bu qələbəni qeyd etmək üçün küçəyə boylandım. Hamı bir anda çöndü mən tərəfə baxdı. Bunu gözləmirdim.

İlk olaraq, hərbi salam verdim, sonra əlimi sinəmə qoyub “Şuşa bizimdir!” deməyə çalışdım. Kimsə kənardan məni çəkib. Heç ağlıma gəlməzdi ki, belə bir şey ola. Allah bilir ki, belə bir məqsədim olmayıb. Dostlarım, yoldaşlarım bir gün sonra dedi ki, bütün xalq səni axtarır.

– Qazi olaraq ailənizin yanına geri döndüz. Siz və digər əsgərlərimiz 30 ildən sonra böyük qələbəni qazandız!

– Bu qələbəni ilk olaraq Allaha və onun gözəgörünməz ordusuna, sonra Ali Baş Komandanımıza, daha sonra isə şəhidlərimiz, əsgər və zabitlərimizə borcluyuq. Şəhid olan qardaşlarımızın ailələrinə baş sağlığı verirəm. Xalqımızın bu müharibədə bizə verdiyi dəstək ifadə edilməz qədər gözəldi. Göydəki cənnəti görməsək də, yerdəki cənnəti gördük. Bizim torpaqlarımız cənnətdir. Mən o yerləri gördüm. Kaş mən də əsgər yoldaşlarım kimi şəhidlik zirvəsinə ucalardım. Üç dəfə kəlməyi-şəhadət gətirdim, amma Allah məni şəhidlik zirvəsinə layiq görmədi. Yaralansam da, sağam.

– Ailəlisiz və gözəl övladlarınız var. Onların da gözündəki sevinci görməmək mümkün deyil.

– Mən könüllü gedəndə də ailəmi gözlərimin önünə gətirdim. Atayam, əlbəttə ki, kövrəldim. Amma Vətən önəmlidir. Mənim övladlarım bu vətəndə rahat yaşasın deyə, bu döyüşlərdə gözümü qırpmadan iştirak etdim, yenə olsa, yenə də düşünmədən gedərəm.

Qazi Sahil Həsənov ailəsi ilə birlikdə illərdir kirayədə yaşayır və təəssüf ki, onun mənzil şəraiti o qədər də yaxşı deyil. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda müharibədə iştirak edən Sahil Həsənov bu məsələyə toxunulmasını istəməsə də, mən deməmiş keçə bilməyəcəm.

Söhbət zamanı S.Həsənov deyir ki, bunu dilə gətirmək yaraşmaz, amma bundan sonra onun iş tapıb işləməsi, ailəsini dolandırması daha da çətin olacaq:

“Ailəmlə illərdir kirayədə yaşayıram. Şəraitimi də özünüz görürsüz. H.Z.Tağıyev qəsəbəsində dünyaya gəlmişəm, burada böyümüşəm. Zəhmətkeş insanam. Amma mövcud vəziyyətdə sabah məni işə götürərlər yoxsa yox, bilmirəm. Mən təqaüdlə dolanışığımı təmin etmək istəmirəm. Əgər köməklik ediləcəksə, əvvəlcə işləməyimə şərait yaratsınlar. İmkan daxilində elə yaşadığım ərazidə mənzil şəraitimi yaxşılaşdırsınlar, ya da işğaldan azad etdiyimiz cənnətimizdə yaşamağa yer versinlər. Əminəm ki, Ali Baş Komandan heç birimizi diqqətdən kənarda qoymayacaq”.