Gün ərzində ayrı-ayrı dayanacaqlarda avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər olub.
Bunu açıqlamasında maska taxmayan sərnişinləri avtobusların daşımayacağı barədə bu gündən qüvvəyə minən qərarın icrasından danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Qurum rəsmisi bildirib ki, sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da baş verib:
“Bununla bağlı da məlumatlar almışıq. Qərarın icrası ilə bağlı tərəfimizdən reydlər keçirilir. Bütün hallar qeydə alınır, analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri gücləndiriləcək”.
Qeyd edək ki, bu gündən sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağan edilib. Maskadan istifadə etməyən sərnişin olacağı təqdirdə avtobus dayanacaq məntəqəsini tərk etməyəcək və yalnız sərnişin maska taxdıqdan sonra hərəkət edəcək.