Suriyada azərbaycanlılara təlimi kim keçir? – Nüfuzlu mərkəz şok hesabat yaydı

0
65

Demokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies ) tədqiqatçıları Eyal Hulata və Natalie Ekano “National Attendance”(ABŞ) və “Al-Arab” (Britaniya) nəşrlərində “Hüseyniyyun” terror qruplaşması haqda hesabat dərc edib. Hesabatda deyilir ki, İran Yaxın Şərqdəki vəkalətçi qüvvələrindən (proksilərdən) siyasi qazanc əldə etmək və geosiyasi təsir tənliyində yer almaq üçün istifadə edir. İran məhz proksilər vasitəsilə İsraili “atəş halqası”na alıb, sərhəd boyu İsrailə zərbələr endirməyə hazır olan qüvvələr formalaşdırıb. Livanda İranın dəstəklədiyi “Hizbullah” hökm sürür, Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək ölkəni SEPAH-ın əsas bazasına çevirə bilib. İraqda İran tərəfindən dəstəklənən qüvvələr Bağdadın suverenliyinə xələl gətirir. İranın dəstəklədiyi qüvvələr Pakistanda zorakılığı qızışdırır. Şimal-qərbdə İran agentləri Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər. Yaxın Şərqdən Cənubi Asiyaya və Qafqaza qədər Tehran əli çatan hər yerdə zorakılıq və iğtişaşlar törədir, inqilabi rejim öz ideologiyasını bütün dünyaya ixrac etməyə çalışır.

Aprel ayında Pakistan SEPAH-ın başçılıq etdiyi və Pakistan vətəndaşlarından ibarət olan “Zeynəbiyyun briqadası”nı terror təşkilatı elan edib. Aydındır ki, iki ölkə arasında barışıq davam edə bilər, lakin İran Pakistanda və xaricdə problemlər yaratmağı dayandırmayacaq. “Zeynəbiyyun” əvvəlcə Tehranla müttəfiq olan Suriya prezidenti Bəşər Əsəd uğrunda döyüşmək üçün yaradılıb və Pakistan daxilində getdikcə fəallaşıb. İslamabad, briqadanın 2019-2021-ci illər arasında ölkə daxilində “terror fəaliyyəti ilə məşğul olduğunu” aşkar etdikdən sonra bir neçə silahlını həbs edərək çirkli pulların yuyulması ilə bağlı araşdırmaya başladı. Bəlli oldu ki, bu qrupla əlaqəli şəbəkə maliyyə dəstəyi ilə Pakistana və sünni əksəriyyəti olan Körfəz ölkələrinə qarşı açıq düşmən fəaliyyət göstərir.

Hesabatda deyilir ki, İranın Suriyadakı SEPAH bazalarında təlim keçənlər arasında etnik azərbaycanlılar da çoxdur, halbuki onilliklər ərzində Dağlıq Qarabağ münaqişəsində İran Azərbaycanı deyil, Ermənistanı dəstəkləyib. İran və Azərbaycan arasında gərginlik 2020-ci ildə ikincinin Qarabağı azad etməsindən sonra kəskinləşdi. Azərbaycan 2022-ci ildən bəri İranın dəstəklədiyi yerli şəbəkələrə qarşı kampaniyanı gücləndirib, müxtəlif pozucu fəaliyyətlərdə iştirak edən İran agentlərini, o cümlədən SEPAH tərəfindən dəstəklənən şəxsləri həbs edib.

2023-cü ilin aprelində “Azərbaycanda silahlı iğtişaşlar və konstitusiya quruluşunun zorakılıqla devrilməsi yolu ilə şəriət dövləti yaratmaq üçün İran kəşfiyyatı tərəfindən cəlb edilmə” ittihamı ilə “Hüseyniyyun” (Hüseynçilər) kimi tanınan Azərbaycan Müqavimət Hərəkatının 6 üzvü həbs edilib. Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, növbəti ay hüquq-mühafizə orqanları “hökumətin zorakılıqla devrilməsini və tanınmış simaların və yüksək vəzifəli məmurların öldürülməsini” planlaşdırmaq üçün Tehran tərəfindən cəlb edilmiş ən azı doqquz nəfəri həbs edib.

Müəlliflərə görə, Yaxın Şərqin praqmatik ölkələri İranın təhdidlərini görür və buna görə də bir-birlərinə qarşı inciklikləri bir kənara qoyub mümkün hərbi təcavüzə qarşı vahid komanda kimi birləşirlər Bu ilin martında Körfəz Əməkdaşlıq Şurası İranı üstüörtülü şəkildə pisləyən, Qərbi, sabitliyi pozan mənfi hallara qarşı birgə işləməyə çağıran “Regional Təhlükəsizlik Baxışı” nəşr edib. E.Hulata və N.Ekano iddia edir ki, ABŞ və bütün Qərb bu çağırışa qulaq asmalıdır. Onlar əlavə edirlər ki, beynəlxalq ictimaiyyət üçün çox gec olmadan İranın dağıdıcı kampaniyasına qarşı çıxmaq, nüvə ambisiyalarını dayandırmaq, ballistik raket proqramını cilovlamaq və terror fəaliyyətini dayandırmaq vaxtıdır.

Qərbdəki İran, erməni və yunan lobbiləri İran proksilərinin yarada biləcəyi təhlükə haqda Azərbaycanın xəbərdarlıqlarını şişirtmə, Qərb ictimai rəyi üçün manipulyasiya olduğunu iddia edilir. Bu günlər Qərbdəki bəzi qurumların, o cümlədən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) hesabatında İrana bağlı dini qruplaşma üzvlərinin həbsləri də dini azadlığın təqibi kimi təqdim edilir. Nüfuzlu mərkəz tərəfindən hazırlanmış hesabatın işıq üzü görməsi bu iddialara da cavabdır: təhdidlər realdır, Qərbin düşüncə mərkəzləri tərəfindən də etiraf olunur, amma nədənsə rəsmi qurumlar ortaya fərqli mövqe qoyurlar.