Süni zəka monitor ekranından məlumatları belə oğurlayır

0
67

Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.

Uruqvayda yerləşən Respublika Universitetinin alimləri monitor naqilindən şüalanan elektromaqnit şüalanmasını deşifrələməyi bacaran süni zəka modelini yaradıblar. Bu üsul belə çalışır. Haker kompüter ilə monitoru birləşdirən VGAHDMI və ya DVI naqilin şüalanmasını ələ keçirir və daha sonra müvafiq siqnallar əsasında təlimatlandırılmış süni zəka modeli əldə edilmiş məlumatı deşifrələyir və daha sonra onu hakerə ötürür.

Bu cür kiberhücumun effektivliyinin qiymətləndirilməsi üçün mütəxəssislər monitor ekranında mətn formatında məlumatı əks etdirən standart proqram təminatından istifadə ediblər, HDMI naqil vasitəsilə monitora ötürülən siqnalı ələ keçiriblər, ələ keçirilmiş siqnalı mətnin təyin olunması üçün nəzərdə tutulmuş standart proqram təminatı vasitəsilə deşifrə ediblər və əldə edilmiş nəticəni monitor ekranında əks olunmuş orijinal məlumat ilə müqayisə ediblər. Məlum olub ki, əldə edilən siqnalın deşifrələnməsi prosesi çərçivəsində simvolların 30%-i düzgün şəkildə qeyd edilmir. Lakin bununla belə simvolların yerdə qalan 70%-i mətnin böyük hissəsini anlamaq üçün kifayət edir. Naqil vasitəsilə monitora ötürülən siqnalı distant şəkildə anten vasitəsilə ələ keçirtmək mümkündür. Beləliklə hakerlər bu cür texnologiyadan istifadə edərək kompüterlərin monitorlarını rahatlıqla izləyə bilərlər.