Süni intellektin inkişafı və dünya üzrə data mərkəzlərinin sayının artması yaxın onilliklərdə ciddi mis qıtlığına səbəb ola bilər.
Bu barədə “BHP Billiton” mədən şirkətinin maliyyə direktoru Vandita Pant “Financial Times” nəşrinə müsahibəsində bildirib.
Mis aşağı karbonlu iqtisadiyyata keçidlə bağlı bir çox sahələrdə əsas komponentdir. O, güc kabellərinin, elektrik avtomobillərinin, günəş panellərinin və külək generatorlarının istehsalında istifadə olunur.
BHP-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünya mis tələbatı 72% artaraq ildə 52.5 milyon tona çata bilər. Müqayisə üçün, 2021-ci ildə bu göstərici 30.4 milyon ton idi. Artımın əsas hərəkətverici qüvvələri daha çox enerji tələb edən data mərkəzləri və süni intellekt sistemləri olacaq. Hazırda onların payına mis istehlakının 1%-dən azı düşürsə, 2050-ci ilə qədər bu göstərici 6-7%-ə qədər arta bilər ki, bu da ildə əlavə 3.4 milyon ton deməkdir.