Sumqayıtdakı laboratoriyada 4000 insan koronavirus testindən keçib

0
337

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə regionlarda bir çox yeni laboratoriyalar qurulub və istifadəyə verilib. Hazırda Azərbaycanda 20-dən çox koronavirus infeksiyasını aşkarlayan laboratoriya fəaliyyət göstərir.

Sumqayıtda 1 saylı Şəhər Xəstəxanasının nəzdində fəaliyyət göstərən laboratoriya da onlardan biridir. Yeni tipli laboratoriya mayın 8-dən fəaliyyətə başlayıb. Burada COVID-19 virusunun aşkarlanması üçün xüsusi testlər aparılır.

Xəstəxananın baş həkimi Nazim Hüseynquliyev bildirib ki, laboratoriya Almaniya istehsalı olan müasir texnologiyalarla tam təchiz olunub və burada ən kiçik ölçülü virusların təyini mümkündür. Laboratoriya fəaliyyətə başlamazdan əvvəl Sumqayıt şəhərindən olan test nümunələrinin cavabını yalnız Bakıdan almaq mümkün idi. Hazırda laboratoriya Sumqayıtla yanaşı, həm də Abşeron rayonunun sakinləri üçün xidmət göstərir.

Laboratoriyada bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. İşçilər qapalı şəraitdə, xüsusi qoruyucu vasitələrdən – kombinezon geyimlər, tibbi maska, tibbi eynək və əlcəkdən istifadə etməklə fəaliyyət göstərirlər.

Verilən məlumata görə, Sumqayıt laboratoriyasında artıq 4000 insan koronavirus testindən keçib.