Sumqayıtda yanan zibil poliqonuna cavabdeh şəxs cərimələndi

0
364

Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı nazirliyə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı, məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib.

Atəş Rüstəmov vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Xatırladaq ki, ötən gün Sumqayıtda geniş ərazidə yerləşən məişət tullantıları poliqonunda yanğın baş verib.