Sumqayıtda top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, yanvarın 29-da, saat 14:58-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 600 kv.m əraziyə yerüstü, 30 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.