Sumqayıtda karantin qaydalarını pozan doqquz nəfər həbs edildi – RƏSMİ

0
578

Ötən gün Sumqayıt şəhərində karantin rejiminin tələblərini pozan şəxslərdən doqquz nəfər barəsində məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması üçün mütəmadi olaraq tədbirlər davam etdirilir.

Polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirirlər. Sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparılır, sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılır.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Onlardan doqquz şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.