Sülh sazişi nə vaxt imzalana bilər? – Bakı-İrəvan xəttində ziddiyyətlər

0
10

Azərbaycan-Ermənistan sülh sazişinin mətnini razılaşdırdıqdan sonra bir sıra suallar önə çıxır:

– Saziş harada və nə vaxt imzalana bilər?
– Sazişin imzalanması Bakı-İrəvan xəttində hər şeyi həll edəcəkmi?


Sülh sazişinin imzalana biləcəyi ölkələr arasında Türkiyə variantlardan biridir, əslində Bakı ilə münasibətləri normallaşdırıb Ankaraya çıxış əldə etmək istəyən Paşinyan hakimiyyəti üçün də bu seçim məqbul olardı. Lakin hələ də revanşizmdən xilas ola bilməyən erməni ictimai rəyində yarana biləcək etiraz dalğası Paşinyanı bundan çəkindirə bilər. Bunun fonunda Gürcüstan variantı bütün tərəflər üçün məqbul seçimdir. Bu, həm də Əliyevin irəli sürdüyü regional birlik təklifinin perspektivlərini gücləndirə bilər. Hərçənd, məsələləri ikitərəfli formatda həll edən Bakı və İrəvan sülh sazişinin imzalanması mərasimini sərhədin delimitasiya olunmuş hissəsində də təşkil edə bilər.

Sazişin nə vaxt imzalanması sual altındadır. Burada tərəflərin fərqli yanaşmaları ortaya çıxır.

– Ermənistan 17 maddəlik razılaşmaya maksimum qısa müddətdə imzaların atılmasına çalışır və bu səbəbsiz deyil.

1. Sazişin imzalanması mətndən kənar məsələləri, misal üçün, konstitusiyanın dəyişdirilməsi – arxa fona keçirə və bu məsələlər ətrafında İrəvanın üzərindəki təzyiq dalğası zəifləyə bilər;
2. Saziş imzalandıqdan sonra İrəvan Avropadakı tərəfdaşları ilə digər tələblərin – Zəngəzur dəhlizinin açılması, konstitusiyanın dəyişdirilməsi və s. – arxa plana keçməsinə nail olmaq üçün beynəlxalq ictimaiyyətin Bakıya çağırışlarını təşkil etmək istiqamətində kampaniya qura bilər;
3. Türkiyə ilə sərhədlərin açılmasına və Avropa bazarına çıxış əldə etməyə çalışan İrəvan sazişin imzalanmasından Ankaranın Bakının maraqlarının təmin edilməsi şərtinə qarşı istifadə etməyə çalışacaq.

– Azərbaycan sazişin tələsik imzalanmasında maraqlı görünmür.

1. Ermənistan konstitusiyada əks olunan ərazi iddialarından hüquqi olaraq imtina etmədiyi müddətdə dayanıqlı sülh perspektivi zəifdir;
2. Sülh sazişini Paşinyan hakimiyyəti imzalayır, Ermənistanda isə revanşizm meylləri qalmaqdadır: Qarabağdan qaçan separatçıların qondarma “nümayəndəliyi” İrəvanda hələ də fəaliyyət göstərir; rəsmi İrəvan dayanıqlı sülh istəyirsə, revanşizm meyllərini sıradan çıxarmalıdır;
3. Dayanıqlı sülh üçün Azərbaycan Ermənistan cəmiyyətinin də bunu dəstəklədiyini görməlidir: bunun üçün konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməli və ermənilər mövqelərini bildirməlidir; hakimiyyətlə imzalanacaq sülh perspektiv dəyişikliklərdə qüvvədən düşə bilər;
4. Bakı üçün əsas prioritetlərdən biri Zəngəzur dəhlizidir: Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr bəyanatı faktiki olaraq qüvvədən düşüb, lakin İrəvan sazişin imzalanmasından sonra bununla bağlı atılacaq addımların öhdəliyini götürməlidir;

Bu amillər maddələri razılaşdırılan sülh sazişi mətninin qısa müddətdə imzalanmasını sual altına salır. Bununla yanaşı, 17 maddəlik sülh sazişi mətni Bakı-İrəvan xəttində bütün məsələlərin həllinə zəmin yaratmır. Hər şey Ermənistanın sərgiləyəcəyi mövqedən – mətndən kənar məsələlərə yanaşmasından asılı olacaq.