Qranada, Bişkek və Brüsseldə planlaşdırılan danışıqların baş tutmaması Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair nikbin proqnozları bir müddət arxa plana keçirdi. Lakin son həftələrdə istər İrəvan, istərsə də Bakıdan qısa zamanda “sülh sazişinin imzalanmasının mümkünlüyü” ilə bağlı verilən bəyanatlar siyasi mərkəzləri yenidən hərəkətə gətirib. Bir fakt inkar edilə bilməz ki, hər üç görüşün baş tutmamasının əsas səbəbkarı bölgədə gərginliyin qalmasında maraqlı olan Fransa və onun diqtəsi ilə hərəkət edən Paşinyan hakimiyyətidir. Belə bir mühitdə sülh moderatorluğuna iddia edən tərəflərin prosesə dair baxışlarının nədən ibarət olduğu, ümumi yanaşmalarda uzlaşma imkanları maraq doğurur.
Aİ üzvləri Fransaya qarşı
Sirr deyil ki, Rusiyaya qarşı diplomatik qələbə əldə etmək istəyən Brüssel çoxsaylı görüşlərin təşkili ilə bağlı təşəbbüslərinin lazımsız əşya kimi kənara atılmasını istəmir. Lakin burada əsas məsələ Avropa İttifaqına (Aİ) üzv dövlətlərin sülh prosesinə münasibətdə konsensus əldə edə bilib-bilməyəcəyidir. Məlumdur ki, Aİ çərçivəsində istənilən qərar və ya bəyanat quruma üzv dövlətlərin birgə razılığı ilə verilir. Xüsusilə indiki həssas məqamda Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsini özünün strateji maraqları hesab edən ölkələrin sayı heç də az deyil. Onlar Fransanın pozucu fəaliyyətindən ciddi şəkildə narahatdırlar.
Qərb ikinci Ukrayna istəmir
Cənubi Qafqaz üzrə siyasi ekspert Aleksandr Rarın fikrincə, Fransanın Cənubi Qafqazda fəaliyyəti bu ölkədəki erməni diasporunun nüfuzu amilindən qaynaqlanır: “Məsələyə daha geniş yanaşsaq, nəzərə almaq lazımdır ki, artıq müstəqil Fransa və ya müstəqil Almaniya siyasəti yoxdur. Avropa ölkələri arasında müəyyən razılaşma var ki, geosiyasi məsələləri birgə həll etmək lazımdır. Qafqazda baş verənlər isə çox ciddi geosiyasi hadisədir. Buna görə də Fransa Aİ-nin həm Ermənistan, həm də Azərbaycanla bağlı siyasətini müstəqil şəkildə təşviq edə bilməz. Qərbin Qafqazda təsiri çox azdır. Avropa yeni kütləvi köçə səbəb olacaq ikinci qaynar nöqtə istəmir. Ona görə də o, hər şeyi edəcək ki, Qafqaz Rusiya ilə Qərb arasında ikinci Ukrayna olmasın. Bu gün avropalılar Qafqazda nə edəcəklərini bilmirlər, onların konsepsiyası və resursları yoxdur”.
“Azərbaycanın Ermənistana güzəşti”
“Forbes”in sülh prosesi ilə bağlı yayımladığı analitik material da cərəyan edən hadisələrlə əlaqədar Qərb mərkəzlərindəki siyasi düşüncələrin nədən ibarət olduğunu anlamağa imkan verir. Bildirilir ki, heç kim Azərbaycan və Ermənistan arasında sıx əməkdaşlıq gözləmir. Amma ümid var ki, onlar heç olmasa bir-birilərinə öz ərazilərindən tranzit daşımalara icazə verəcəklər. Burada sülhün əsas şərtlərindən biri kimi kommunikasiyaların açılmasına diqqət çəkilir: “Düzdür, hər yerdə olduğu kimi, bu məsələdə də güclülərin hökmranlığı öz işini gördü. Faktiki olaraq yalnız bir infrastruktur layihəsi – Zəngəzur dəhlizi deyilən layihə müzakirə olundu”. Tərəflər arasında fikir ayrılıqlarının detallarına diqqət yetirən məqalədə artıq Bakının İrandan alternativ yol çəkilişini həyata keçirməsinə ayrıca vurğu edilir. Nə qədər qəribə olsa da, bu addım “Azərbaycanın Ermənistana güzəşti” kimi qiymətləndirilir. Paşinyanın Tbilisidəki “sülh yolu” ilə bağlı çıxışındakı detallara toxunan ekspertlər sözdə hər şeyin Ermənistan üçün “çox gözəl” səsləndiyini bildirirlər: “Paşinyanın arzuları o halda reallaşa bilər ki, İrəvan Azərbaycan, Rusiya və Türkiyə tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilsin. Lakin, bu, heç də belə deyil. Hər üç oyunçunun özləri üçün daha yaxşı şərait yaratmaq imkanı var. Eyni zamanda, İrəvanın dörd dənizə və iki okeana eyni dərəcədə rahat çıxış əldə etmək ideyası yalnız özlərinə lazımdır. Bu ideya başqa heç kimə maraqlı deyil”.
ABŞ mövcud sakitlikdən yararlanmaq istəyir
Vaşinqtonun sülh prosesindən gözləntilərini isə “Politiko” nəşri ifadə edir. Qeyd olunur ki, əgər Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, bu, Rusiyaya ciddi zərbə olacaq. Bu, Vaşinqton və Brüsselin qələbəsi hesab ediləcək. “İndi həm Azərbaycan, həm də Ermənistan yaxın bir neçə ay ərzində çoxdan gözlənilən sülh sazişinin bağlana biləcəyini deyirlər”, – nəşr yazır. Cənubi Qafqazda özünə qarşı yönələn və birbaşa sülh prosesi ilə bağlı olan təzyiq rıçaqlarını azaltmaq üçün Rusiyanın Qərbin diqqətini Balkanlar, Yaxın Şərq və Afrikadakı münaqişələrə yönəltməyə çalışdığını vurğulayan ekspertlər “sakitliyin hökm sürdüyü mövcud şəraiti nadir məqam” kimi dəyərləndirirlər. “Hazırda həm Ermənistan, həm də Azərbaycan nikbindir”, – “Politiko” yazır.
Ermənistanın son şansı
Göründüyü kimi, Paşinyan çıxılmaz duruma düşüb. Onun Rusiya ilə qarşıdurmada “xilaskar” obrazında gördüyü Qərbin özündə belə, Ermənistanın danışıqlar prosesindəki mövqeyinin çox zəif olduğunu qəbul edirlər. Aparıcı beyin mərkəzlərinin tribunası sayılan media orqanları, ekspertlər vasitəsi ilə bu yanaşma İrəvanın diqqətinə çatdırılır. Bölgədə onun heç də bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməyəcəyi söylənilir. Əslində, son üç ildə Azərbaycanın hərbi və diplomatik hücumları nəticəsində darmadağın edilən Ermənistanın Paşinyanın timsalında irəli sürdüyü “sülh şərtləri”nin bölgədəki mövcud reallıqlarla uzlaşmadığını İrəvan hakimiyyəti özü də anlayır. Dövlət olaraq inkişafın yalnız Azərbaycanla sülh sazişindən keçdiyini, bu prosesin də gec-tez İrəvanın “istəkləri” ilə yox, rəsmi Bakının şərtləri və tələbləri əsasında reallaşacağını gözəl anlayırlar. Artıq Bakı düyməyə basıb. Sülh saatının əqrəbi nə Qərbi, nə də Şərqi göstərir. Əqrəbin işarə etdiyi əsas istiqamət elə Cənubi Qafqazdır. (“Kaspi” qəzeti)