Bakı ilə müqavilənin imzalanma yeri və vaxtı hələlik müzakirə olunmayıb.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə Ermənistan hakimiyyətinin niyə sənədin mətnini dərc etməməsi ilə bağlı suala cavab verərkən deyib.
Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb.
“Mən başa düşürəm ki, sazişdə ictimai maraq var. Lakin vaxt və məkan ilə bağlı hələlik razılığın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq”, – Qriqoryan qeyd edib.
Onun sözlərinə görə, bu, vəziyyətə diplomatik yanaşmadır.
Qriqoryan qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Onun fikrincə, hansısa balanslaşdırılmış variantı seçmək məntiqli olardı.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinə sülh sazişinin imzalanması ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib.
Ötən gün Paşinyan iki paylaşım edərək, sülh sazişi imzalamağa hazır olduğunu qeyd edib, həmçinin ölkənin Müdafiə Nazirliyinə atəşkəs rejimini pozmamaq barədə göstəriş verdiyini vurğulayıb.