SU HƏYATDIR!

0
642

BMT-nin Baş Assambleyası 22 dekabr 1992-ci il, 47/193 nömrəli qətnaməyə əsasən 22 mart tarixini “Ümumdünya su resursları günü” elan etmişdir. Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir.

Dünyanın əksər ölkələrini içməli su problemi narahat edir. Yer kürəsinin içməli su çatışmazlığı ilə üzləşə bilmə ehtimalı problemin həlli istiqamətində daha ciddi düşünməyə sövq edir. Nəzərə almaq lazımdır ki, içməli suyun həcmi eyni qalsa da, suya olan tələbat ildən-ilə artır.
Statistikaya görə, Yer kürəsindəki su ehtiyatının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Yer kürəsi ərazisinin 71 faizini təşkil edən 1,46 milyard kubkilometr su ehtiyatının cəmi 31 milyon kubkilometri şirin sudur ki, bunun da 96 faizi bərk haldadır.
İnkişaf etməkdə olan ölkələrdə 80 faiz xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. İnsanlar arasında yayılan xəstəliklərin 80-85 faizi çirkli sulardan istifadə ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır.
Tələbatını öz suyu ilə ödəyən ölkələrlə yanaşı, dünyanın qırxa yaxın ölkəsi – Liviya, Slovakiya, Özbəkistan və başqaları öz tələbatını ödəmir. Təəssüf ki, bu ölkələr arasında Azərbaycan da var. Azərbaycan su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə, Cənubi Qafqazın ən “kasıb” ölkəsidir. Azərbaycanda su ehtiyatı, dünyadakı su ehtiyatının orta göstəricisindən də aşağıdır.
Məsələn, Gürcüstan və Ermənistanın içməli su ehtiyatları Azərbaycandakından müvafiq olaraq, 7 və 5 dəfə çoxdur. Ancaq bu o demək deyil ki, hazırda Azərbaycan içməli su problemi ilə üz-üzədir. Sadəcə olaraq, ölkə ərazisində içməyə yararlı sular qeyri-bərabər paylanıb. Abşeron yarımadası və Mərkəzi Aran rayonları su ehtiyatları ən az olan bölgədir.
Ümid edirik ki, biz gələcəkdə də su qıtlığı ilə üzləşməyəcəyik.
Azərbaycanın su təminatı əsasən xaricdən daxil olan çaylar vasitəsilə ödənilir. Transsərhəd çaylar ölkə ərazisinə çirkli vəziyyətdə daxil olur. Çaylar Türkiyə ərazisində göz yaşı kimi olduğu halda, Gürcüstan və Ermənistan ərazisinə daxil olduqdan sonra həddindən artıq çirklənir. Araz çaylarına Ermənistan tərəfindən atılan sənaye tullantıları əhali üçün çox təhlükəlidir. Su problemi çağdaş dünyada o qədər ciddidir ki, su qıtlığının gələcək müharibələrə yol aça biləcəyi labüddür.
Dünyanı bu labüd hadisədən xilas etmək üçün hər kəs var qüvvəmizlə çalışmalıyıq, suya qənaət isə əsas vəzifələrdən biridir.

Azad Əliyev,
İctimai Nəzarət Koalisiyasının Ekologiya Departamentinin Sədri.