Stokholmda baş tutan festivallarda Azərbaycanın milli rəqsləri nümayiş olunub

0
523

İsveçin paytaxtı Stokholm şəhərində baş tutan uşaq festivallarında Azərbaycanın milli rəqsləri nümayiş olunub.

İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi “SAF-ın” nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq rəqs qrupu Stokholm şəhərinin Alvik bələdiyyəsində yeni ilin gəlişinə həsr olunan beynəlxalq uşaq festivalında çıxış edib. Azərbaycan milli rəqslərinin ifası ilə yadda qalan “Qarabağ” milli rəqs qrupunun çıxışları mərasim iştirakçılarının böyük marağına səbəb olub və təşkilatçılar tərəfindən qrup üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.

“Qarabağ” uşaq rəqs qrupu, həmçinin Stokholmun Hagersten bələdiyyəsində təşkil olunan uşaq musiqi festivalında da uğurla çıxış edib. Müxtəlif ölkələri təmsil edən qrupların, yerli və xarici qonaqların da iştirak etdiyi festival çərçivəsində Azərbaycan mədəniyyətini nümayiş etdirən “Qarabağ” milli rəqs qrupu “Uzun dərə” və “Nəlbəki” rəqslərini ifa edərək böyük marağa səbəb olub.

Qeyd edək ki, baş tutan tədbirlərdə İsveç-Azərbaycan Dərnəyi “SAF” təşkilatının sədri Sevda Dadaşova və diaspor təşkilatının fəalları yerli ictimaiyyət nümayəndələrini və festivalların iştirakçılarını ölkəmiz barəsində ətraflı məlumatlandıraraq onları maraqlandıran sualları cavablandırıb.