“Statistika dəyişib, 1,5 milyon qaçqınımız var”

0
326

Aprelin 28-də Milli Məclisin növbəti iclasını keçirərək işğalın 100 illiyini müzakirə etməliyik.

Bu sözləri Milli Məclisdə çıxışı zamanı xalq şairi Sabir Rüstəmxanlı deyib.

Deputat 24 aprel saxta erməni soyqırımı haqqında da danışıb: “Ermənilər orada öz saxta soyqırımlarına muzeylər, abidələr düzəldirlər. Biz Bakıda Xocalı abidəsindən başqa bir muzey qurmamışıq. Hesab edirəm ki, bu məsələlərə diqqət etməliyik”.

Deputat əlavə edib ki, erməni işğalı nəticəsində bir milyon insan qaçqın düşüb: “Biz tez-tez deyirik ki, 1 milyon məcburi qaçqınımız var. Amma bunun üzərindən 30 il keçib və artıq bu say dəyişib. Bütün danışıqlarda 1,5 milyon insanın qaçqın düşdüyü qeyd edilməlidir. Statistika donub qala bilməz”.

Deputat rayonların idarəçiliyindən də narazılığını ifadə edib: “Rayonların adı, coğrafiyası dəyişmir, amma idarəçilik dəyişir, regional idarələr yaradılır. Bir rayonun qaz idarəsi verilir digər rayona. Təsəvvür edin ki, Neftaçaladan bir təhsil işçisi sənəd almaq üçün Salyandan dolanaraq 100 kilometr məsafə qət edib Biləsuvara getməlidir. Hesab edirəm ki, bu məsələlərə diqqət etməli, aydınlıq gətirilməlidir”.