“Söyüş ritorikasını mediaya kimlərin gətirməsi araşdırılmalı və cəzalandırılmalıdır” — Deputat

0
446

Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi  yeni icra başçıları önündə kəskin tələblər qoyub. Belə ki, dövlət başçısı Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinə, Elnur Rzayevi  isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib. Yeni icra başçıları ilə görüşündə prezident tapşırıq verib ki, onların “işi kabinet işi” olmamalıdır: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz”.

Ölkə başçısı gənc icra başçılarına korrupsiya və rüşvətdən uzaq durmağı tapşırıb, əks təqdirdə, onları işdən azad edəcəyini və cəzalandıracağını bildirib: “Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.

Dövlət başçısı regionlarda açılmış bəzi gənclər mərkəzlərinin qapısının “qıfıllı” qalmasından narahatlığını ifadə edib. O hesab edir ki, bu mərkəzlərdə gənclər asudə vaxtını keçirməlidir:

“Mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir”. Prezident regionlarda dinamik həyat görmək, şəhərlə kənd arasında fərqin azadılmasını istədiyini deyib.

Prezident İlham Əliyev hesab edir ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. O, media nümayəndələrindən bu işdə köməkçi olmalarını istəyib:

“Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. gər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.

Dövlət başçısının çıxışında qeyd etdiyi məsələləri şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da dedi ki, bəzi icra başçıları özlərinin müəyyən mənfi cəhətlərini ört-basdır etmək üçün yalan məlumat verməyə məcbur olurlar:

“Dövlət başçısı hər bir icra başçısını təyin edərkən onunla söhbət  edir və müəyyən göstərişlər verir. Bu hər zaman belə olub, indi də eyni vəziyyətdir. Lakin bunu mediaya açıq şəkildə edir, ictimaiyyətə çatdırırlar. Prezidentin çıxışları həm də əhaliyə bir mesaj vermiş olur ki, insanlar dövlət başçısının hansı göstərişlər verməsindən xəbərdar olsunlar. İkincisi, yalan məlumatların daxil olması halları həqiqətən var. Bütün icra başçılarına aid etmək olmaz, ancaq bəzi icra başçıları rayonda olan vəziyyəti, özlərinin müəyyən mənfi cəhətlərini ört-basdır etmək üçün yalan məlumat verməyə məcbur olurlar.  Gərək icra başçısı rayonda mövcud olan bütün  kəndləri gəzsin, əhali ilə tanış olsun, onların problemini bilsin. Sabah bu problemlər gündəmə gələndə icra başçısının xəbəri olmalıdır, lazım olanda həmin problemi mərkəzi icra hakimiyyəti orqanına çatdırmaqla həllinə nail olmalıdırlar. Çox təəssüf ki, başçıların əksəriyyətində bu hərəkətlər yoxdur. Ancaq  yaxşı nümunələr də var. Məsələn, Qubanın icra başçısı iki ildir təyin olunub. Bu müddət ərzində demək olar ki, Qubanın bütün kəndlərini iki-üç dəfə gəzib, əhali ilə görüşüb. Şikayətlərə qulaq asıb, görüşlər keçirib. Yalan məlumat verənlər ona görə buna məcburdurlar ki, işi görüb axıra çatdıra bilmirlər. Dövlət başçısı 1  il öncə demişdi ki, mən icra başçısı təyin edərkən, onun əməyinə qiyməti həmin rayonda açılan iş yerlərinə və o rayona qoyulan investisiyanın həcminə görə verəcəm. Ancaq bəzi icra başçıları, ümumiyyətlə, müasir texnologiyadan xəbərsizdirlər, investisiya yatırımı ilə maraqlanmırlar. Bu səbəbdən müəyyən problemlə üzləşirlər. Məcbur qalırlar ki, yalan məlumatlar versinlər. Ancaq bunu bütün icra başçılarına şamil etmirəm. Son vaxtlar bu kadrlar arasında gəncləşmə gedir və onların qarşısında bu məsələlər qoyulur”.

Deputatın fikrincə, artıq korrupsiyaya bulaşanlar cəzasız qalmayacaq:

“Bizim üçün əhəmiyyətli məsələlərdən biri də dövlət başçısının qeyd etdiyi kimi, rüşvət və korrupsiya hallarıdır. Prezident vurğuladı ki, əgər belə hallara  yol versəniz, sizi cəzalandıracağam. Bu ən əhəmiyyətli məsələlərdən biridir, rayonlarda çox ciddi problemdir. Rayonlar bir qədər gözdən uzaq olduğundan bəzi  icra başçıları, məmurlar orada istədikləri hərəkəti edirlər, mülkiyyət toxunulmazlığı olmasına baxmayaraq mülkiyyətə toxunurlar. Cənab prezident son çıxışı ilə həm əhaliyə mesaj  verdi ki, rüşvət, korrupsiya olmamalıdır. İkincisi də həmin məmurları başa saldı ki, artıq başqa bir dönəm başlayır. İslahatlarla əlaqədar yeni dövr başlayıb, hamı da buna uyğunlaşmalıdır”.

Dövlət başçısının media ilə bağlı fikirlərinə gəlincə, V.Əhmədov qeyd etdi ki, mediada çox ciddi islahatlar getməlidir:

“Media bugünkü bazar iqtisadiyyatına uyğun deyil. Son vaxtlar çox arzuolunmaz bir söyüş ritorikası mediada yer alıb. Bunu mediaya kimlərin gətirməsi araşdırılmalı, cəzalandırılmalıdır. İctimai nəzarət də çox ciddi məsələdir. Mən Milli Məclisdə də məsələ qaldırmışam  ki, büdcə müzakirələri zamanı, dövlət əhəmiyyətli, sosial əhəmiyyətli məsələlərin müzakirəsi zamanı niyə ictimai təşkilatları dəvət etmirik. Qoy onlar da gəlib öz fikirlərini bildirsinlər. Bundan çəkinmək lazım deyil. Dövlət nəzarəti ilə bir yerdə ictimai nəzarəti də təmin etmək lazımdır. Bu çox ciddi məsələdir və mən bunu alqışlayıram”.

Deputatın fikrincə, ictimai nəzarətlə yanaşı, sərt hüquqi tədbirlər də görülməlidir:

“Monopoliya və inhisarçılıqla bağlı ilk növbədə Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Bu məcəllə cənab prezident tərəfindən Strateji Yol Xəritəsinə salınıb. Ola bilər ki, 2020-ci ilin yaz sessiyasında biz bunu qəbul edək. Bu məcəllənin qəbulu bazarda inhisarçılığı ən azı 30-40 faiz azaldacaq, azad rəqabətə yol açacaq. İkincisi? korrupsiya və rüşvətxorluqla əlaqədar olaraq qərarlar daha ciddi olmalıdır. Hesablama Palatası il ərzində 60-65 audit yoxlaması aparır. Çox ciddi auditorlar, kifayət qədər savadlı insanlar çalışır. Həmin audit yoxlamalarının hamısında çox ciddi cinayətlər, mənimsəmələr, korrupsiya halları var. Ancaq sonra həmin faktlar hüquq-mühafizə orqanlarına göndərilsə də, çox ciddi qərarlar qəbul olunmur.  Ona görə də bunu sərtləşdirmək lazımdır. Hesablama Palatası bu işlərdə bir qədər sərt addımlar atmalıdır”.

Vəzifədən çıxarılan məmurların mənimsədikləri dövlət vəsaitindən istifadəni təmin etmək üçün V.Əhmədov maliyyə amnistiyasının verilməsini təklif edir. Yeni məmurların bu əməllərə bulaşmaması üçün isə gəlir deklorasiyasının qəbulu vacib məsələdir:

“Bütün bu məsələlərin həll olunması üçün əsas iki sənədi qəbul etməliyik. Birincisi, mütləq gəlir deklorasiyası qəbul olunmalıdır. Bu haqda qanun var və sadəcə, Nazirlər Kabinetinin normativ sənədi hazırlanmalıdır. Bu sənəd hazırlanmalıdır ki, ən azından yanvar ayının 1-dən ölkədə gəlir deklorasiyası tətbiq olunsun. İkincisi, ən ciddi sənədlərdən biri ölkədə maliyyə amnistiyası olmalıdır. Maliyyə amnistiyası olmasa, yenmə də bu vəsaitin xaricdə saxlanılması, xaricdə müəyyən  əmlakların alınması və sair kimi hadisələr davam edəcək.  İnsanlar vəzifədə işlədikləri zaman müəyyən sərvətlər əldə ediblər ki, artıq bunun qanuni, yoxsa qeyri-qanuni olması ikinci məsələdir. Əsas məsələ o vəsaitlərin  Azərbaycana gətirilməsidir və həmin şəxslərə şərait yaradılmalıdır. Onlara demək lazımdır ki, sizə maliyyə amnistiyası veririk, lakin o maliyyə yalnız Azərbaycanda investisiya şəklində və ya digər sahələrdə istifadə oluna bilər. Yalnız terrorizmdə, narkobiznesdə  və bu kimi qapalı sahələrdə istifadə edilə bilməz. Bu baxımdan maliyyə amnistiyası haqqında da qanun qəbul olunmalıdır”.