“Sovet hərbçisi Əbülfəzin barmağını kəsib nişan üzüyünü götürmüşdü”

0
138

20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, tariximizin o qanlı, şanlı səhifəsi unudulmur, daim xatırlanır, yad edilir.

Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Cəfərovlar ailəsi də milyonlarla azərbaycanlı kimi o müdhiş gecəni unuda bilmir. Bakıdakı faciədən beş gün sonra həmin ssenari Neftçala rayonunda da təkrarlanıb.

Yanvar faciəsi şəhidi Əbülfəz Cəfərovun qardaşı Müşfiq Cəfərov deyir ki, ayın 25-də Bankə qəsəbəsində şəhidlərin yas mərasimi keçirilirmiş. Saat 16 radələrində qardaşı Əbülfəz də yas mərasiminə baş çəkib.

Axşam saat 19 radələrində sovet hərbçilərinin PDM-lərlə Neftçala şəhərində qırğınlar törətdiyini eşidir. O da hadisə yerinə yollanır. Azğınlaşmış hərbçilərin əliyalın, dinc sakinlərə divan tutduğunu görən Əbülfəz bu vəhşiliyə dözə bilmir, qana bulaşmış dinc insanların xilasına can atır.

“Tibb məntəqəsinə girən kimi görür həmyerlilərindən biri yaralıdır, qalıb yerdə. Yaralını sürüyə-sürüyə şam ağacının altına gətirir. Yenidən məntəqəyə qayıdır. Bu zaman sovet hərbçiləri məntəqəni mühasirəyə alır. Buna baxmayaraq, qardaşım məntəqənin arxa şüşəsini sındırır, adamların orda çıxmasına kömək edir. Sən demə, arxadan qaçanları hərbçilər avtomatın qundağı ilə vurub maşına atırlarmış”, – M.Cəfərov həmin günləri kədərlə xatırlayır.

Şəhidin qardaşının sözlərinə görə, Əbülfəz Cəfərovun həmyerlilərinə kömək etdiyini görən hərbçilər onu odlu silahdan açılan atəşlə yaralayıb, qol-qabırğasını sındıraraq avtomobilə atırlar.

Hərbçilər maşına doldurduqları 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparır. Ə.Cəfərova və yanındakılara qarşı vəhşilik orda da davam etdirilir.

“Qardaşımgili hamama aparandan sonra qəsəbədə səsləri eşidilməsin deyə, PDM-ləri işlək vəziyyətinə gətirir, onlara insanlığa sığmayan işgəncə verirlər. Əbülfəz nişanlı idi. Qardaşımın nişan üzüyünü görən hərbçilərdən biri süngü ilə onun barmağını kəsərək, üzüyü çıxarıb. Sonra yaxın məsafədən ona avtomatdan daha 6 dəfə atəş açır. 13 güllə yarası alan Əbülfəz şəhid olur”, – Müşfiq Cəfərov kədərli halda danışır.

Qeyd edək ki, Yanvar hadisələri zamanı gecə saatlarında Neftçalada 26 yaşlı Əbülfəz Cəfərovla yanaşı, Nurəddin Ağahüseynov, Şəmsəddin Orucov da şəhidlik zirvəsinə ucalıb, daha 9 nəfər isə əlil olub.