Sosial şəbəkələri boykot edə bilərikmi?

0
95

Ötən ay Türkiyədə “Instagram” sosial şəbəkəsinə giriş qadağasının tətbiq edilməsi həm qardaş ölkədə, həm də Azərbaycanda ciddi müzakirələrə səbəb oldu.

Türkiyənin nəqliyyat və infrastruktur naziri sosial şəbəkə nümayəndələri ilə aparılan danışıqlar zamanı Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmanın vacibliyini qeyd etdiklərini bildirdi. Nazir vurğuladı ki, “Instagram” rəsmiləri Türkiyə hökumətinin tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra qadağa ləğv ediləcək. Nəticədə “Instagram” və “Meta” şirkəti Ankaranın şərtlərini qəbul etdi və bu sosial şəbəkənin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verildi.

Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə sosial platformalarla işlər görülür, razılaşmalar əldə edilir. Azərbaycanda isə bu istiqamətdə addım atılımır. Həqiqətdir ki, hazırda qlobal sosial platformalar ölkənin reklam bazarının böyük bir hissəsini ələ keçirib. Bu səbəbdən yerli media qurumları çətin vəziyyətlə üzləşib. Üstəlik, informasiya təhlükəsizliyi ilə bağlı da risklər hər keçən gün artır.

Maraqlıdır, ölkəmizdə də sosial platformalarla işi təkmilləşdirmək üçün addımlar atılmalıdırmı? Türkiyə təcrübəsindən istifadə etmək mümkündürmü?

Boykot edən ölkədə istifadəçi sayı çoxdursa…

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, sosial şəbəkələrlə bağlı bir çox ölkələrdə insidentlər yaşandıqdan sonra ölkə sosial şəbəkəni boykot edir: “Məsələn, Türkiyədə daha öncə “YouTube”, “Wikipedia”, “X” platforması ilə bağlı da etirazlar olmuşdu. Razılaşma prosesi boykotlardan sonra başladı. Burada əsas məsələ boykot edilən sosial şəbəkənin əhatə dairəsidir. Yəni həmin sosial şəbəkə nümayəndəliyi fəaliyyət göstərdiyi ölkənin internet seqmentini və ya həmin platformadakı payını nəzərə alaraq razılaşmaya gedir. Təbii ki, burada sosial şəbəkənin hansı səbəblə boykot edilməsi də önəmlidir. Məsələn, hansısa terror qruplaşmasını dəstəkləyən fəaliyyət yaxud zorakılıq, istismar kimi hallar olubsa, təbii ki, bu, həmin platformanın da imicini aşağı salır. Amma ən əsası, burada boykot edən ölkənin bu şəbəkəyə qazandırdığı pulun miqdarıdır. Boykot edən ölkədə istifadəçi sayı çoxdursa və daha çox qazandırırsa, bu zaman razılaşmaya gedə bilirlər”.

Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir

Mütəxəssis təsdiqləyir ki, bu gün sosial şəbəkələr biznes mühitinə çox böyük rəqibdir və sosial platformalar yerli biznesi vurur: “Bu təbii prosesdir. Bu gün dünyada beynəlxalq platformalar bir çox yerli biznesləri öldürür. Bu, İnformasiya Texnologiyaları sahəsində daha çox hiss olunur. Bu gün sosial media da ölkə daxilində olan media şirkətlərinin qarşısında böyük rəqibdir. Bu, dövrün tələbidir. Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir”.

“Biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq”

“Biz boykot edə bilərikmi?” sualında gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, Azərbaycan internet seqmenti olaraq çox kiçikdir: “Bu kiçik internet seqmenti ilə biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq. Buna görə də ölkəmizin hər hansı etirazda üstünlük əldə edə bilməsi çətindir. Amma beynəlxalq hüquq müstəvisində biz tələblər irəli sürüb, qalib gələ bilərik. Yəni biz 100 milyonluq ölkə olmadığımız üçün ancaq hüquq müstəvisində bu nümayəndəliklərə etirazımızı bildirə, razılıq əldə edə bilərik. Bu platformalara kim daha çox qazandırırsa, söz haqqı daha çoxdur”.

Gəlirlərdən Azərbaycana vergi verilməlidir

Sosial media eksperti Fərid Kazımov isə vurğulayır ki, hazırda ölkədə virtual məkanda reklam bazarının tənzimlənməsinə ciddi ehtiyac var: “Bu gün sosial şəbəkələr reklam yerləşdirdiklərinə görə, ölkəmizdə ödənişlər etmirlər. Bu, reallıqdır. Burada məsuliyyət reklam verənlərin üzərinə düşür. Yəni Azərbaycan şirkətləri hər hansısa reklam verərlərsə, onlar müəyyən ƏDV və sair ödənişləri ödəyirlər. Əslində isə bu vergilər reklamların yerləşdirildiyi resursların məxsus olduğu şirkətlər tərəfindən ödənilməlidir. Yəni Azərbaycandan əldə olunan gəlirlərdən Azərbaycana vergi verilməlidir. Dünya ölkələrində bu cür təcrübə var. Bu kimi məsələlər artıq ölkə ərazisində tənzimlənməlidir”.

Qaydalar müəyyənləşdirilməlidir

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrin ölkə ərazisində fəaliyyəti ilə bağlı ciddi addımlar atılmalıdır: “Bəzi sosial şəbəkələr avtoritar qaydalardan istifadə edərək paylaşımlara öz maraqlarına uyğun yanaşırlar. Məsələn, hər hansı aktual məsələlər gündəm olur, sosial şəbəkə rəhbərliyi öz maraqlarına uyğun olmayan fikirləri əngəlləyir, hətta hesablar silinir. Bu yaxınlarda olimpiadada testesteronu çox olan idmançı qadınların iştirakı ilə bağlı neqativ postlar pozulmuş, postları yazan hesablar blok edilmişdi. Bizə qarşı da bəzi laqeydliklər var. Bəzi sosial şəbəkələrdə Azərbaycanın mövqeyinin əleyhinə kifayət qədər resurslar yerləşdirilir, Azərbaycana qarşı tamamilə heç bir normalara sığmayan ittihamlar irəli sürülür. Bu hesabların heç biri blok olunmur. Zənnimcə, bununla bağlı reaksiya verilməlidir. Sosial şəbəkələrin Azərbaycanda fəaliyyəti ilə bağlı qaydalar müəyyənləşməli, müəyyən addımlar atılmalıdır”.