Sosial müəssisələrdəki yaşlılar nəzarət altındadır – VİDEO

0
389

Müşahidələr göstərir ki, dünya miqyasında koronavirusun qurbanına çevrilən insanların böyük əksəriyyətini yaşlılar və daha əvvəl ürək-damar, şəkər və xərçəng kimi xəstəliklərə tutulmuş şəxslər təşkil edir.

Ölkəmizdə də koronavirusa yoluxmuş 21 nəfər var və onlar xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır.

Digər dövlətlər kimi, ölkəmizdə də hökumət tərəfindən intensiv qabaqlayıcı tədbirlər həyata keçirilir. Bütün vətəndaşlarımız, o cümlədən yaşlılar həm öz doğmalarının, həm də dövlətin sosial müdafiəsi ilə əhatə olunub.

Bir də əhalinin həssas qrupundan olan və qocalar evində məskunlaşan yaşlılarımız var ki, onlar da nəzarət altındadır.

Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Sevinc Quluzadə bildirir ki, Fondun pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 239 nəfərə qulluq edilir. Koronavirus əleyhinə görülən tədbirlərlə əlaqədar olaraq, sosial xidmət müəssisəsində müvəqqəti karantin tətbiq edilir.

Müəssisə sakinlərinin onun ərazisini tərk etməsinə icazə verilmir. Eləcə də, onların qohumları, yaxınları tərəfindən ziyarət edilməsinə qadağa qoyulub. Mütəmadi olaraq müəssisədə dezinfeksiya işləri aparılır və sanitar-gigiyenik vəziyyətə ciddi şəkildə riayət edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin hər birində koronavirus əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Həmçinin tənha yaşayan ahıl və əlilliyi olan şəxslər də diqqət mərkəzindədir.

Qeyd edək ki, virusun yaşlılar arasında belə çox yayılmasına başlıca səbəb onların immunitetlərinin cavanlara nisbətən daha zəif olmasıdır.