Allah bilir, Ərdoğanın dövlətləri dağıtmaqda suçladığı bu dələduz milyarder super güclərin hansı ssenarisinin peşindədir…
Türkiyə Prezidenti R.T.Ərdoğanın dəfələrlə “dünya dövlətlərini dağıtmaq”da, o cümlədən 2013-cü ildə İstanbuldakı “Gəzi” etiraz hərəkatını maliyyələşdirməkdə suçladığı dələduz milyarder Corc Soros birdən-birə Avropanı “Putinin Suriyadakı müharibə cinayətləri” mövzusunda Türkiyənin yanında olmağa çağırıb.
Moderator.az xəbər verir ki, Soros bu barədə “Faynenşil-Tayms”(“Financial Times”) nəşrində məqalə dərc etdirib.
Super güclərin aktiv maşalarından biri olan milyarder Rusiya lideri Putini “İosif Stalindan bəri dünyanın ən barbar hökmdarı” adlandırdığı Suriya prezidenti Bəşər Əsədi dəstəklədiyinə görə tənqid edib.
Sorosun fikrincə, Türkiyə “Əsəd və onun İdlibdəki rus müttəfiqinin tələsinə düşmüş dinc vətəndaşları qorumaq üçün” hərbi güc tətbiq edən yeganə ölkədir. Bununla yanaşı, o, Türkiyənin “Rusiyaya birbaşa hücum etməyə cəsarət etmədiyini, çünki Rusiya Hərbi Hava Qüvvələrinin türklərinkindən güclü olduğunu” da söyləyib.
Milyarder qeyd edir ki, 2014-cü ildə o, Rusiyanın təhlükəliliyi baxımından Avropaya ayıq olması barədə xəbərdarlıq etmişdi. Soros “Rusiyanın yaratdığı qaçqın böhranı”na diqqəti yönəltməklə Avropanın səbəb deyil, simptomlarla mübarizə apardığını qeyd edib.
Sorosun sözlərinə görə, qaçqın axınının məhdudlaşdırılmasını hədəfləyən Avropa, Türkiyənin öz ölkəsindən didərgin düşmüş milyonlarla suriyalını qəbul edərək onların yaşayışını təmin etməklə artıq böyük bir zərbə aldığını anlamalıdır.
“Ən azı, Suriya məsələsində Türkiyə Avropanın dəstəyinə layiqdir. Buna görə Avropa atəşkəs əldə etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə danışıqlar mövqeyini gücləndirməyə çalışmalıdır»- deyə dələduz milyarder vurğulayıb.