Ermənistan parlamentində müdafiə nazirinin müavini Arman Sarkisyan, Baş Qərargah rəisi Edvard Asryan və hərbi əks-kəşfiyyat baş idarəsinin rəis müavini Aşot Xaçatryanın iştirakı ilə qapalı iclas keçirilib.
Parlament müxalifətinin təşəbbüsü ilə keçirilən iclasda sərhəddə baş verən son toqquşma, o cümlədən, Azərbaycan Ordusunun Dığ (Tex) kəndi istiqamətində dövlət sərhədini de-fakto dəqiqləşdirərək, strateji yüksəkliklərə nəzarəti bərpa etməsi müzakirə olunub.
Qapalı iclasda müzakirələrlə bağlı müəyyən məlumatlar Ermənistan mediasına sızıb.
“Hraparak” nəşri yazır ki, ordu rəhbərliyi baş verən toqquşmaya görə günahı Rusiyanın üzərinə atıb.
“Baş qərargah rəisi bildirib ki, martın 31-də Azərbaycan ordusu Rusiya zirehli texnikasının yanından keçərək, Dığ kəndi istiqamətində irəliləyib, sülhməramlılar onlara məlumat versəydi, bunun qarşısını alardılar. Arsyan qeyd edib ki, aprelin 1-də yeni Laçın yolunun istifadəyə veriləcəyini bilirdilər və hərbi mövqelərini dəyişdirməli, əlverişli mövqelər tutmalı idilər, lakin bunu etməyiblər. O bildirib ki, bu məsələdə siyasi və hərbi rəhbəriyin uğursuzluğa düçar olduğunu demək mümkündür, lakin məsələ o demək deyil ki, cəmiyyətdən gizlin delimitasiya-demarkasiya prosesi aparılır”, – nəşr yazır.
Ermənistanın keçmiş müdafiə naziri, hazırda deputat olan Seyran Ohanyan isə qapalı iclasdan sonra “azatutyun”a açıqlamasında hakimiyyəti və ordu rəhbərliyini ittiham edib. O qeyd edib ki, baş qərargah rəisi iclasda səhvlərini etiraf etdi və deyilənlərdən belə nəticə çıxır ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusundan çəkinir, əks təqdirdə, onlar (azərbaycanlılar) Dığ istiqamətində hərəkət edəndə öncədən əlverişli mövqelər tutulmalı idi