Son dövrlər çəkilmiş bədii filmlər kinoteatrlarda təqdimata niyə çıxarılmır?

0
530

img

Paytaxtımızda həm iri ticarət mərkəzlərinin nəzdində, həm də müstəqil olaraq bir neçə kinoteatr fəaliyyət göstərir. Bu gün həmin kinoteatrlarda əsasən xarici filmlər nümayiş olunur. Bununla yanaşı, son dövrlər özəl prodakşınlar tərəfindən çəkilən ucuz komediyalar da kinoteatrlarda nümayiş olunan nümunlər sırasındadır. Demək olar ki, vaxtaşırı olaraq Bakı kinoteatrları tərəfindən həmin filmlərin reklamları həyata keçirilir və tamaşaçılar bu filmlərə baxmaq üçün dəvət edilir. Bildirilənə görə, belə filmlərin kifayət qədər tamaşaçı auditoriyası var. 

Paytaxta fəaliyyət göstərən “Nizami” kinoteatrının, “Park Sinema”nın, “Sinema Plus”un, “Park Bulvar Sinema”nın rəsmi saytlarında gün ərzində bu kino mərkəzlərinin tamaşaçılara təklif etdikləri filmlərin siyahısına baxarkən məlum oldu ki, burada yalnız Azərbaycan dilinə çevrilmiş xarici filmlər nümayiş olunur. Halbuki, xarici filmlərlə paralel olaraq kinoteatrlarda son illər çəkilən Azərbaycan filmlərinin də nümayiş olunması arzuediləndir.

Onu da bildirək ki, 2010-cu ildən bəri “Azərbaycanfilm” kinostudiyası tərəfindən dövlət büdcəsindən ayrılan vəsait hesabına xeyli sayda film çəkilib. “Əlavə təsir”, “İstanbul reysi”, “Kabusun gözüylə”, “Kuklalar”, “Qardaşımdan yaxşısı yox idi”, “Sahə”, “Vəkil hanı?”, “Yarımçıq xatirələr”, “Sübhün səfiri”, “Nar bağı”, “Nabat”, “ Mən evə qayıdıram”, “Qırmızı bağ”, “İçərişəhər”, “İlahi məxluq”,  “Xeyirlə şərin rəqsi”, “Dolu” və sair filmlər son 9-10 ildə ərsəyə gələn ekran əsərləridir. Kiçik istisnaları nəzərə almasaq deyərdik ki, Azərbaycan tamaşaçıları bu filmlərdən xəbərsizdir. Çünki bu filmlərin nümayişinə paytaxt kinoteatrlarında yer ayrılmır. Bir-iki filmi çıxmaq şərtilə, demək olar ki, qalan filmləri tamaşaçılar heç görməyib, sadəcə, onların adlarını eşidiblər.

Bəzi ekspertlər hesab edirlər ki, Bakı kinoteatrlarında son illər çəkilən Azərbaycan filmlərinin nümayiş olunmamasının səbəbi yerli tamaşaçıların filmlərimizə marağının olmaması ilə bağlıdır. Ekspertlər bildirirlər ki, həmin kinoteatrlar kommersiya şirkətləridir və şəxsi mülkiyyət hesab olunur. Onların nümayiş etdirdikləri xarici filmlərin kinoteatrlara daha çox gəlir gətirdiyini deyən ekspertlərin sözlərinə görə, həmin şirkətləri yerli filmlərin nümayişinə sövq etmək üçün ilk növbədə onlara Mədəniyyət Nazirliyi tərəfindən vergi məsələsində güzəştlər edilməlidir.

Onu da bildirək ki, kinoteatrlardan yalnız “Nizami” Kino Mərkəzi dövlət mülkiyyətidir, burada isə arabir Azərbaycan filmləri göstərilir. Onlar qeyd edirlər ki, “Nizami” Kino Mərkəzində həftəlik olaraq filmlər nümayiş olunur, ancaq buna baxmayaraq, tamaşaçılar yerli filmlərimizi izləməyə gəlmirlər. Ekspertlər hesab edirlər ki, “Azərbaycanfilm” kinostudiyası, eləcə də filmlərin prodüsserləri paytaxt kinoteatrları ilə əməkdaşlıq qurmalı və Azərbaycan filmləri reklam edilməlidir ki, tamaşaçıların o filmlərə tələbatı artsın, onlar bilet alıb həmin filmlərə baxmağa gəlsinlər.

Paytaxt kinoteatrlarında Azərbaycan filmləri niyə nümayiş olunmur? Bu, filmlərimizə tamaşaçı marağının az olması, yoxsa başqa amillərlə bağlıdır?

  • Müşfiq Hətəmov: “Təəssüflər olsun ki, bu məsələ bizdə qanunla tənzimlənmir”

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Bakı-Xəbər”ə bildirdi ki, artıq bu məsələ ilə bağlı qanun layihəsi olmalıdır. M.Hətəmovun sözlərinə görə, dünyanın hər yerində filmlərin nümayişi qanun çərçivəsində həyata keçirilir: “Qanunvericiliyə əsasən, filmlərin televiziyalarda və kinoteatrlarda yayım saatları olur. Təəssüflər olsun ki, bu məsələ bizdə qanunla tənzimlənmir. Son iki ildir “Azərbaycanfilm”də tammetrajlı bədii filmlər çəkilmir, daha çox qısametrajlı filmlər çəkirik. Əvvəl çəkdiyimiz tammetrajlı filmlər kinoteatrlarda nümayiş olunub. Hər il çəkilən yeni film kinoteatrlarda göstərilir. Biz kinoteatrlara hansı filmi təqdim edirik, onu nümayiş etdirirlər, lakin son iki ildə kinoteatrlara film təqdim etməmişik. 4 yeni tammetrajlı bədii filmin çəkilişlərinə təzə başlamışıq”.

M.Hətəmovun sözlərinə görə, kinoteatrlar özlərini saxlamaq üçün gəlir əldə etməlidirlər, bu səbəbdən onlar xarici filmlərə üstünlük verirlər. M.Hətəmovun bildirdiyinə görə, kinoteatrlar yerli distribüter şirkətlərilə müqavilə bağlayır və buna əsasən də xarici filmlərin nümayişini təşkil edirlər. M.Hətəmov bəzi ekspetlərin Azərbaycan filmlərinin kinoteatrlarda nümayiş edilməməsi ilə bağlı “Azərbaycan filmlərinə tamaşaçı marağı yoxdur” fikrini təkzib edərək bildirdi ki, filmlərimizin tamaşaçı problemi yoxdur: “Bu, birmənalı olaraq, həqiqət deyil. Azərbaycan filmlərinin tamaşaçı auditoriyası var”.

  • Aydın Xan Əbilov: “Kinoteatrlarda Azərbaycan filmlərinin nümayiş faizi 40-dan aşağı olmamalıdır”

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə isə vaxtilə bütün dünyada belə bir problem olub. O vurğuladı ki, ABŞ filmləri Qərb və Avropa ölkələrini, Hindistan filmləri isə SSRİ respublikalarını zəbt etmişdi. Azərbaycan cəmiyyətində Hindistan, İran və Türkiyə filmləri daha populyar olub. “Yeni nəsil isə ata-babalarının baxdığı filmlərə yox, məhz xarici filmlərə meyl göstərir. Onların düşüncə tərzi, estetik baxışları tamamilə fərqli olduğu üçün, onlar dünya tamaşaçılarının baxdığı filmlərə maraq göstərirlər. Xüsusən də 100 milyonlarla büdcəsi olana filmləri daha çox sevirlər. Azərbaycan filmlərinə gəlincə, deyim ki, həm klassik, həm də müasir Azərbaycan filmləri internet və televiziyalar vasitəsilə çox yüksək baxışla izlənir. Fikir versəniz görərsiniz ki, milyonlarla baxışı olan filmlərimiz var. Yeni çəkilən və bizim “bozbaş” adlandırdığımız yüngül komediya filmlərinə baxışlar hədsiz dərəcədə çoxdur. Klassik filmlərimizə də həmçinin. Bu filmlər geniş nümayiş olunduğuna görə onlara kinoteatrlar elə də maraq göstərmirlər. Ümumiyyətlə, kinofilmlərin nümayişi bir qədər teatrlaşdırılmalıdır. Biz ancaq o teatrlaşdırmaları təqdimat mərasimlərində görürük. Amma bütün dünyada film kinoteatrlara çıxmamışdan əvvəl onların trillerləri hazırlanır, videorolik vasitəsilə internetdə və telekanallarda onlar reklam edilir, durmadan sosial şəbəkələrdə piar olunur. Ondan sonra insanlar gedib həmin filmlərə kinoteatrlarda baxırlar. Kinoteatrlarda göstərilən filmlərə baxmaq insanlarda həddən artıq gözəl təəssürat yaradır. Təəssüflər olsun ki, bizdə hələ bu mədəniyyət formalaşmayıb. Üstəlik də yerli filmlərin nümayişində müəllif və əlaqəli hüquqlarla bağlı problemlər də var. Məsələn, televiziyalarda və internetdə yayımlanan filmlərin çoxu müəllif və əlaqəli hüquqlara şamil olunur. Hesab edirəm ki, Azərbaycan kinoteatrları filmlərimizin nümayişinə üstünlük verməli və tamaşaçıları bu filmlərə cəlb etməlidirlər. Qeyd edim ki, bəzi ölkələrdə hətta Amerika filmlərinin kinoteatrlarda nümayişinə qadağalar var. Fikrimcə, xarici filmlərin kinoteatrlarda geniş yayımına Azərbaycanda da qadağalar tətbiq edilməli, digər tərəfdən də kinoteatrlarda Azərbaycan filmlərinin nümayiş faizi 40-dan aşağı olmamalıdır” – deyə A.X.Əbilov vurğuladı.