Son dəqiqə: İsraildən 2 aylıq humanitar atəşkəs təklifi – HƏMAS bu cavabı verdi

0
171

İsrail bütün girovların azad edilməsi müqabilində HƏMAS-a 2 aylıq humanitar fasilə təklifi edib. HƏMAS Qəzzada daimi atəşkəsin olması lazım olduğunu vurğulayaraq təklifi rədd edib.

ABŞ-dan yayımlanan “Axios” xəbər saytının İsrail rəsmilərinə əsaslanan xəbərində İsrailin HƏMAS-a yeni atəşkəs təklif etdiyi qeyd olunub. Xəbərdə İsrail rəsmiləri məhbus mübadiləsi razılaşmasının əldə olunacağı təqdirdə ilk mərhələdə qadın, 60 yaşdan yuxarı kişi və sağlamlıq vəziyyəti ağır olan girovların azad edilməsinin planlaşdırılacağını bildirib.

Təklif edilən məhbus mübadiləsi razılaşmasına əsasən, İsrail və HƏMAS bir israilli məhbusun müqabilində neçə fələstinli məhbusun azad ediləcəyi ilə bağlı əvvəlcədən razılaşacaqlar və sonra onların adları ilə bağlı ayrıca danışıqlar aparılacaq.

Bu təklifin HƏMAS üçün qəbuledilməz olduğunu bildirən təşkilatın media meneceri Velid Kilani deyib:

“HƏMAS daimi atəşkəs istəyir. Məhdud təklifləri rədd edir. HƏMAS-ın əsas şərti müharibənin müvəqqəti deyil, tamamilə dayandırılmasıdır. Bundan sonra əsir mübadiləsi, yenidənqurma və yardımların daxil olması kimi digər məsələlər müzakirə olunacaq. Düşmən məhdud atəşkəs istəyir. Mən bu yeni təklifi mətbuatda oxudum. Bu iki ay ərzində bir neçə mərhələdən ibarət əsir dəyişdirmə əməliyyatının aparılacağı deyilir. Lakin dediyim kimi, əsas şərt daimi və hərtərəfli atəşkəsdir”.

Qeyd edək ki, Qəzzada 24 noyabr 2023-cü ildə 4 gün müddətinə verilən və daha sonra 3 gün uzadılan “humanitar pauza” zamanı 81 israilli və 240 fələstinli məhbus qarşılıqlı azadlığa buraxılıb. İsrail ordusunun məlumatına görə, hazırda Qəzza zolağında hələ də 136 israilli məhbus var.