Azərbaycan da daxil olmaqla, bir çox ölkədə hamilə qadınların koronavirusa yoluxma riskini azaltmaq üçün özünütəcrid rejimi tövsiyə olunur. Bəs virusun ana bətnindəki uşağın inkişafına təsiri barədə nə bilirik?
Referans Poliklinikin mama-ginekoloqu Nuridə Zeynalova COVID-19 və hamiləlik barədə sualları cavablandırıb.
– Nuridə xanım, koronavirusa yoluxan hamilə xanımlar nə etməlidir və onların müalicəsi necə aparılır?
– Hər şeydən əvvəl koronavirus infeksiyasına yoluxmasından şübhələnən hamilə qadın 103 və ya 113 nömrəli təcili yardıma zəng etməli, əlamətlər barədə məlumat verməli və koronavirus testi etdirməlidir. Testin cavabı müsbət çıxarsa, hamilə qadının vəziyyəti klinikanın terapevti və mama-ginekoloqu tərəfindən nəzarətdə saxlanılmalıdır. Xəstəliyi ağır və orta ağır keçirirsə, həm özünün, həm də ailəsinin sağlamlığının təhlükəsizliyini təmin etmək üçün dərhal stasionar şöbəyə yerləşdirilir.
Əgər infeksiyanı yüngül keçirərsə, xəstə müalicəni yenə həkimlərin nəzarəti ilə ev şəraitində davam etdirə bilər. Mümkünsə evdən çıxmamaları və sosial təmasdan çəkinmələri tövsiyə olunur.
Ümumiyyətlə, hamilə qadınlar virusa yoluxduqda bir çox insan kimi öskürək, qızdırma, təngənəfəslik, baş ağrısı və iybilmə duyğusunun pozulması kimi yüngül və orta dərəcədə simptomlarla qarşılaşırlar. Əksər qadınlar bir neçə gün ərzində sağalırlar.
– Qızdırmanı necə aşağı salmaq olar?
– Hər şeydən əvvəl bədənin su və elektrolit balansını qorumaq lazımdır. 38 dərəcə və daha yüksək temperaturda Parasetamol kimi temperatursalıcı təsirə malik preparatlardan istifadə etmək mümkündür.
– Hamiləliyin neçənci həftəsində koronavirusa yoluxmaq risklidir?
– Hazırda hamiləliyin həftələrindən asılı olaraq koronavirus infeksiyasının xüsusi riskləri sübut olunmayıb, lakin hamiləliyin üçüncü trimestr dönəmində infeksiyanın daha ağır keçdiyinə dair dəlillər var. Bu vəziyyətdə tromboembaliya ağırlaşmaları, dölün antenetal ölümü, qeysəriyyə əməliyyatı və erkən doğum riski mümkündür.
– Koronavirus abort səbəbi ola bilər?
– Təəssüf ki, COVID-19-a yoluxan hamilə qadınların 2-10 faizi düşük riski yaşayır, 30-40 faizində erkən doğum kimi ağırlaşmaları əhatə edir.
– Hamilə qadınlar bu infeksiyaya daha həssasdırmı? Digərlərinə nisbətən fəsad riski yüksəkdirmi?
– Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinə görə, bədəndə baş verən dəyişikliklər səbəbindən hamilə qadınların koronavirusa daha çox yoluxma riski var. Xroniki ağciyər xəstəlikləri, orta və ağır dərəcəli bronxial astma kimi somatik xəstəliklər, eləcə də ürək-damar arteriya və şəkər xəstəliyi, immunosupressiya, bədən kütlə indeksi 40-dan yuxarıdırsa, piylənmə və böyrək xəstəliyi, həmçinin antifosfolipid sindromu olan hamilə qadınlar xüsusi risk qrupuna daxildir və onların ölüm riski yüksəkdir.
– Koronavirusa yoluxmuş körpələr analarından izolyasiya olunurmu?
– Müalicə protokollarında yeni doğulmuş uşağın anadan təcrid olunmasına dair açıq göstərişlər yoxdur, ancaq doğuş edən qadının yeni doğulmuş uşağı ilə əlaqə qurarkən riayət etməsi lazım olan müəyyən qaydalar mövcuddur. Uşağını götürməzdən əvvəl əllərini yumaq vacibdir, körpəni əmizdirərkən maska istifadə etməsi də tövsiyə olunur. Uşağın bezini dəyişdirərkən, ümumiyyətlə uşaq qulluğuna aid bir çox əşyalara toxunarkən diqqətli olmaq tələb olunur.
– Bir çox cütlüyün koronavirus səbəbilə hamiləliyi təxirə salması doğrudurmu?
– Övlad sahibi olmağı planlaşdıran cütlüklər xüsusən də pandemiya zamanı infeksiya və ölüm riskinin artması da daxil olmaqla, ağır nəticələri nəzərə alaraq ilk növbədə həkimə müraciət etməlidirlər. Xüsusən də diabet, hipertoniya və xroniki xəstəlikləri müşayiət olunan insanlar sosial məsafə, əllərin dezinfeksiyası və gigiyena qaydalarına daha diqqətli davranmalı, lazımi tibbi müayinələrdən keçməlidir. Qadın və ya kişi yüksək risk qrupuna daxildirsə, koronavirusun mümkün nəticələri mama-ginekoloqla müzakirə olunmalıdır.
– Koronavirus anadan bətnindəki körpəyə ötürülürmü?
– COVID-19 olan hamilə qadının hamiləlik və doğuş zamanı infeksiyanı körpəyə ötürüb-ötürməməsi hazırda bəlli deyil. Amerika Qadın Xəstəlikləri və Ginekoloqlar Birliyinin, eləcə də ÜST-nin yaydığı məlumatlara görə, plasenta və ana südü nümunələrində virus aşkar edilməyib.
– Bəs hamilə qadın infeksiyaya yoluxarsa, bu, ana bətnindəki körpənin inkişafına mənfi təsir edə bilərmi?
– Həkimlər hələ də virusun dölün inkişafına təsiri barədə az məlumata sahibdir. Bununla birlikdə, koronavirusa yoluxduqda hamilə qadınlar digər sağlam yetkinlərdən daha ciddi simptomlar göstərmirlər. London İmperial Kollecinin mama və ginekologiya professoru Kristof Lizin sözlərinə görə, risk səviyyəsi çox yüksək olsaydı, bu barədə məlumat verilərdi. Araşdırmalar göstərir ki, hamilə koronavirusu yüngül keçirirsə, o halda dölün inkişafına mənfi təsir etmir. Lakin virusun gedişi ağırdırsa, o zaman dölün inkişafının geriləməsi və ya hiperseksiya ola bilər.
Onu da qeyd edim ki, hamiləlik dövründə böyüyən döl qadının ağ ciyərlərinə və ürəyinə təzyiq göstərdiyi üçün qan dövranını çətinləşdirir. Gələcək ana ağır COVID-19 xəstəsidirsə, bu, onun vəziyyətini pisləşdirə və nəfəs almasını çətinləşdirə bilər. Belə hallarda həkimlər xəstəxanadakı qadını yaxından izləyəcək. Əksər hallarda həkimlər virusa yoluxmuş qadına vaxtından əvvəl sancıları olduğuna görə deyil, daha rahat nəfəs almasına kömək etmək üçün qeysəriyyə əməliyyatına müraciət etməli olduqlarını tövsiyə edir.