Dünya Meteorologiya Təşkilatı (WMO) qarşıdakı qış mövsümündə “La Nina” adlanan hava hadisəsinin baş verməsi ilə bağlı xəbərdarlıq edib.
Hesabata görə, 2024-cü ilin dekabrından 2025-ci ilin fevral ayına qədər “La Nina” şərtlərinin yaranma ehtimalı 55%-dir.
WMO baş katibi Celeste Saulo qeyd edib ki, “El Nino” səbəbindən rekord səviyyədə istilik qeydə alınsa da, “La Nina” belə qlobal istiləşmənin təsirlərini tam tarazlaşdıra bilməyəcək. Saulo həmçinin iqlim dəyişiklikləri səbəbindən rekord səviyyədə yağışlar, daşqınlar və fövqəladə hava hadisələrinin artdığını vurğulayıb.
Türkiyə Elmlər Akademiyasının üzvü Prof. Dr. Doğan Yaşar isə ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) bu ilin sərt qışla keçəcəyini açıqladığını bildirib. O, təbiətin özünü balanslaşdırdığını, isti dövrlərdən sonra daha soyuq hava şəraitinin gəldiyini söyləyib.
Son illərdə nadir hava hadisələrinin yaşandığını xatırladan ekspertlər, daşqınlar və rekord yağışların davam edəcəyinə dair proqnozlar veriblər.
Bu qışın son 50-60 ilin ən soyuq dövrlərindən biri ola biləcəyi ehtimal olunur.