Söhrab Tahir: «Məni təqib edən jandarmalardan qurtarmaq üçün özümü dərədən atdım

0
1181

Söhrab Tahirin 2011-ci ildə Azpress.az saytında dərc olunmuş müsahibəsini sizlərə təqdim edirik.

Söhrab Tahir: “Məni təqib edən jandarmalardan qurtarmaq üçün özümü dərədən atdım və bilirdim ki, ölməyəcəyəm”

“Bu tayda Qarabağ dərdi, müharibə şəraiti, o tayda isə milli məhdudiyyətlər ola-ola, yubiley keçirmək mənə yaraşmaz”

Bu il 85 yaşı tamam olacaq Azərbaycanın xalq şairi Söhrab Tahiri geniş oxucu kütləsinə təqdim etməyə ehtiyac yoxdur. O taylı, bu taylı Azərbaycanın birləşdirici körpüsü sayılan şairi həmişə şux, vüqarlı, əzəmətli görmüşəm. Elə 85 yaşın astanasında olan şair, göz dəyməsin, bu gün də belədir. Ancaq içində nə çəkdiyini isə elə bircə bənd şeiri ilə bildirib:

“… Azad qardaşım var, onunla xoşam,
İstərəm sahili sahilə qoşam,
İkiyə bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha…”

Bəli, ikiyə bölünmüş Azərbaycanın dərdli, yaralı şairi, ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir 85 illik ömrün iki qardaşın birləşməsi uğrunda mübarizəyə həsr edib. 1926-cı ildə Cənubi Azərbaycanın Astarasında dünyaya gəlib. Hələ Sovet dövründə, daha doğrusu, 1976-cı ildə yazdığı və hər misrasından od-alov yağan “Azərbaycan” poemasıda deyirdi:

“… Yüz il də keçərsə bu ayrılıqdan,
Öz birlik haqqını bu xalq alacaq,
Bir gün mənim xalqım birləşən zaman,
Dünyada ən zəngin bir xalq olacaq…”

Beləcə ikiyə bölünmüş vətənimizin dərdini bir an da unutmayan, 1945-ci ildə əlində silah şah rejiminə qarşı vuruşaraq, Seyid Cəfər Pişəvəri hökumətinin qurulmasında yaxından iştirak edən S.Tahirlə yenə üz-üzəyik. İstədik yenə də onun bu yubiley ərəfsində 18 yaşında qoyub gəldiyi və assimliyasiyaya uğramayan Cənubi Azərbaycanın şirin ləhcəsində etdiyi maraqlı söhbətlərə bir daha qulaq kəsilək. Prezident İlham Əliyevin bağışladığı və “Sovetski”də yerləşən yeni hündürmərtəbəli binadakı evində etdiyimiz söhbətlər inanırıq ki, oxucuların da ürəyindən olacaq.
– Söhrab müəllim, bu il sizin 85 yaşınız tamam olacaq. Ancaq maraqlıdır ki, biz sizi 60 yaşında necə görmüşüksə, dəyişmədən eləcə də qalmısınız. Belə cavan qalmağınızın sirri nədir?
– Cavan qalmağın bir sirri var ki, o da hamıya aid ola bilər. Bunun üçün gərək ürəyin pak olsun, ən başlıcası isə heç kəsə və heç nəyə paxıllıq etməyəsən. Həmişə işləməlisən, sağlam olmaq üçün isə hərəkətdə olmalısann. Bütün bunlara həmişə əməl etmişəm. İndi də həftədə üç-dörd dəfə hərəkət üçün xeyli yol gedirəm. Uşaqlıqdan o taydan gətirdiyim pak, təmiz, xıltsız ürəklə yaşaya-yaşaya gəlib 85 yaşa çatmışam. Cavan olmağın bir səbəbi də ətrafda olan dostların, digər insanların mənə göstərdikləri diqqət və qayğısıdır. Ətrafdakı adamların sirin söhbətləri, səmimi münasibətləri mənə yaşamağa stimul verib. Amma gen, nəsil faktorunu da unutmaq olmaz. Mənim babam o taydakı Astaranın Nünəkəran kəndində 112 il yaşayıb. Özü də kənddə yeganə savadlı adam olub. Kənd camaatının harasa göndərdikləri məktubları yazarmış və ya onlara gələn məktubları yiyələrinə oxuyarmış. Bütün bu səbəbləri toplayanda gəlib mənim 85 yaşıma çatmağımı təmin edir. Bir də bu, Allahın işidir. Taleyimdən və Allahımdan çox razıyam ki, bu yaşa qədər yaşamaq xoşbəxtliyini mənə bəxş edib. Yaşayışımdan, xalqımdan, dövlətimdən və mənə yaradılan şəraitdən çox razıyam.
– Maraqlıdır 85 yaşın astanasında Söhrab Tahirin yaradıcılıq həvəsi daha artıb, yoxsa azalıb?
– Elçin bəy, mən sənə deyim ki, son illərə qədər yaradıcılıq fəaliyyətim çox sürətlə inkişaf edib. Son üç ilin ərzində iki roman yazdım və onlar da əsərlərəimin 18 və 19-cu cildlərində çap olundu. Amma indi hiss edirəm ki, sol gözüm sıradan çıxıb. Yoxlatdırmışam, bu, hər hansı xəstəliklə bağlı deyil. Mənə dedilər ki, bu çox oxumaqdandır. Xüsusi ilə ərəb əlifbası çox çətindir və bu əlifbada yazılan kitabları oxumaq gözə çox ziyanlıdır. Bu əlifbada yazıb-oxuyan şərq alimlərinin əksəriyyəti həmişə görmə qabiliyyətlərindən şikayət ediblər. Mən də gözlərimə dinclik vermək üçün yaradıcılıq fəaliyyətimi bir az azaltmışam. Bu səbəbdən 10-12 əsərim, bunların içərisində şeir də, nəsr də var, yarımçıq qalıb. Gözləyirəm, yaradıcılıq üçün güclü enerji hiss edən kimi başlayacağam yazmağa. Elə ki, gördüm gözlərim başladı qamaşmağa, dərhal yazmağı saxlayıram. Buna görə yaradıcılıq fəaliyyətim bir az azalıb.
– Biz sizi əvvəlcə şair, sonra nasir kimi tanımışıq. Nəsir əsərlərini işləmək təbii ki, çox enerji tələb edir. Bilmək istərdik gözlərinizdə yaranmış problem bir qədər az enerji tələb edən şeir yaradıcılığına da təsir edirmi?
– Çox böyük təsir edir. Bu yaşda adamın təfəkkürü bir az zəifləyir, bir az deyingən olur, hər şeyə fikir verir, “bunu niyə bura qoydun”, “onu niyə elə dedin”, “bu yeməyi niyə belə bişirdin” və s. kimi ifadələr adamın dilində tez-tez səslənir. Bu da mənə elə gəlir ki, 85 yaşın xüsusiyyətləridir və təbiidir. Amma çalışıram ki, bu deyingənliyimin üstünü pərdələyim. Ona görə də geyinib çıxıb gedirəm şəhərə gəzməyə. 5-6 saat gəzirəm. Həm sağlamlığıma xeyir olur, həm də çox şeyləri görmürəm və deyingənliyim də azalır (hər ikimiz gülüşürük). Gəzinti zamanı dostlarla söhbətləşirik, fikir mbadilələri aparırıq və beləcə günü başa vurub gəlirəm evə. Belədə əsəblərim də sakitləşir və rahat oluram. Ancaq şeir yaradıcılığımı tamamilə dayandırmıram.
– Yəqin məlum səbəbdən dövrü mətbuat, yeni nəsil şair və yazıçıları da izləyə bilmirsiniz, eləmi?
– Düzünü deyim ki, mən köşkdən qəzet, kitabxanadan təzə kitab daha almıram. Mənim dostlarım ki, var onlar gəlib evdə mənə həm mətbuatda gedən şeir, hekayə və ya müxtəlif maraqlı yazılar, həm də yeni çıxan kitablar barədə məlumatlar verirlər. Bu məlumatlar əsasında poeziyamızın, nəsrimizin gənc nümayəndələri haqqında az da olsa informasiya alıram. Bununların içərisində məni ən çox maraqlandıran kitab olanda oğlum Tahirə deyirəm ki, o kitabı tapıb gətirsin və mən də yavaş-yavaş oxuyuram. Elçin bəy, elə biri sən özün, müsahibədən qabaq qəzetlərdən, kitablardan, beynədxalq vəziyyətdən xeyli məlumat verdin. Qəzetlərdəki yumaristik yazılardan, lətifələrdən elə gözəl danışdın ki, elə bil radioya qulaq asırdım (hər ikimiz yaxşıca gülüşürük). Sənin özünün “Respublika gəncləri” qəzetində “Həftəbecər” rubrikasında yazdığın kiçik yumorlar da mənim xoşuma gəlir. Bu yumorlarda sağlam tənqid var və heç bir təhqir yoxdur. Mətbuatımızda belə yazılar mənə ləzzət verir. Odur ki, mətbuatı da, yeni nəsil şair və yazıçıları da imkan daxilində izləyə blirəm. Bunsuz sadəcə mümkün deyil.
– Sizə bu gün cəsarətlə o taylı, bu taylı Azərbaycan ədəbiyyatının canlı klassiki demək olar. Bildiyimiz kimi hələ 1945-ci ildə S.C.Pişəvəri hökumətinin qurulmasında əldə silah döyüşmüsünüz. Elə o vaxtdan da zabit olmaq üçün bu taya oxumağa gəlmisniz. Maraqlıdır, şairlik istedadı sizdə əvvəldən var idi, yoxsa doğrudan da müstəqil dövlətin zabiti olmaq istəyirdiniz, ya da ki, bəlkə bu tayda zabit olmaq istəyi baş tutmayandan sonra o taya olan həsrət, nisgil, dərd sizi şairə çevirdi?
– Pişəvəri hokuməti qurulandan sonra mən Təbrizdə zabit oxumaq üçün həkim komisiyasından keçdim və bu taya bir çox silahdaşlarımla birgə hərbi piyadalar məktəbinə göndərildim. O zaman mən təyyarəçi olmaq istəyirdim və bu barədə həkim komissiyasına da demişdim. Onlar məni təkrar yoxladılar və dedilər ki, təyyarçi olmaq üçün sənin ürəyin zəifdir…
– Üzr istəyirəm, o necə zəif ürəkdir ki, gətirib 85 yaşa çatdırıb?
– Yox, Elçin bəy. O cəhətdən ürəyim zəif deyildi ki, müxtəlif şirniyyatlar yeyib gücləndirəsən. Sadəcə, fəzada edilən manevrlər üçün mənim ürəyim zəif sayılıb. Mən hələ 1946-47-ci və sonrakı illərdə Azərbaycanı hansı faciələr gözlədiyini bilmirdim. Ona görə də böyük bir istəklə təyyarçi olmaq arzusundayıdam. Sonralar Pişəvəri hökumətinin şah rejimi tərəfindən qanla boğulması, xalqımızın sayseçmə oğullarının edamları, qətilləri təyyarçi olmaq istəyən bir zabiti şairə çevirdi, özü də döyüşkən şairə.
– Söhrab müəllim, o döyüşkən sözünü çox yerində işlətdiniz. Doğrudan da sizin vətən, xalq, torpaq haqqında olan şeirləriniz odlu-alovlu, döyüşkən misralardan ibarətdir. O taylı, bu taylı Azərbaycana çoxsaylı belə döyüşkən şeirlər, poemalar həsr etmisiniz. Məsələn, Səfər Qəhrəmaniyə həsr etdiyiniz “30 il zindanda”, “Səttarxan”, “Nənəmin evi”, “Azərbaycan” kimi odlu-alovlu poemalar, “Məmləkətim”, “Döyüş lövhələri”, “Qanlı cümə” və s. kimi qan qoxuyan şeirlər bu qəbildəndir. Bunların içərisində bildiyiniz kimi “Azərbaycan” poeması mənim üçün çox əzizdir. O poemanı mən 1988-ci ilin meydan hadisələri zamanı ocaq başında dəfələrlə oxumuşam. Könüllü getdiyim Qarabağ döyüşlərində həmin poema dərc olunmuş “Döyüş lövhələri” kitabını əsgərlərimə dəfələrlə oxumuşam və “Azərbaycan” poemasından ruhlanan əsgərlərin düşmənə nifrəti bir az artırdı.
– İndi məni maraqlandıran nədir? Bilmək istəyirəm, Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən vaxtlarda, yəni 1976-cı ildə yazıb, 1981-ci ildə çap etdirdiyiniz, həmçinin hər iki dövlətə, SSRİ-yə və İrana, kəskin ittihamlar səslənən bu poemanı yazmağa sizi hansı güc, hansı cəsarət, hansı hiss və hansı səbəb vadar etdi?
– Elçin bəy, çox sağ ol ki, bu sualı verdin. Sənin də çox xoşuna gələn və hər yerdə təbliğ etdiyin “Azərbaycan” poemasının yazılmasının maraqlı səbəbi var. Deməli, Təbriz universitetində polkovnik Deyhəm adlı bir müləlim var idi. O kiçik bir poema yazmışdı və o poema da Azərbaycan adında xalqın olmadığını, onların İranın Səlcuqlar tərəfindən işğalı zamanı fars qızları ilə Səlcuq əsgərlərinin izdivacından əmələ gəlməsini iddia edirdi. Bununla bərabər poemada Azərbaycan xalqına qarşı ağır formada təhqir də yazmışdı. Mən bu poemanı oxuyandan sonra çox əsəbləşdim və elə o vaxtdan buna və bu kimi düşünənlərə cavab olaraq “Azərbaycan” poemasını beynimdə uzun müddət xəmir kündəsi kimi gəzdirdim, dəfələrlə atıb-tutdum, yaydım, yığdım və nəhayət xəmir turşudu. Bundan sonra “Azərbaycan” poeması yarandı. Bilirəm, xəbərim var, mənə deyiblər ki, sən o poemanı 1992-ci ildə milli ordumuzun yenicə formalaşması dövründə Qarabağ döyüşlərində komandir kimi öz əsgərlərinə dəfələrlə əzbərdən söyləmisən, onlarda vətənpərvərlik, döyüşkənlik hisslərini oyatmısan, düşmənə ifrət hissi yaratmısan. Əsgərlər bundan ruhlanıb daha yaxşı döyüşüblər və s. Bunlar barədə məlumatım var. Hətta mənim iştirakımla da o poemanı bir çox görüşlərdə əzbərdən çox gözəl söyləmisən. Buna görə sənə çox təşəkkür edirəm. Siz bununla həm bir az diqqətdən kənarda qalmış “Azərbaycan” poemasını gündəmə gətirmisiniz, həm də Azərbaycan ictimaiyyətində milli şüurun yaranmasında yardımçı olmusunuz. Buna görə çox sağ ol. Onu da düz deyirsən ki, həmin vaxt Sovet hokumətinin qılıncının dalı da kəsirdi, qabağı da. Belə bir vaxtda mən o poemanı yazanda dedilər ki, bunu çap eləməyəcəklər. Doğrudan da bir neçə il çap eləmədilər. 1979-cu ildə İranda şah rejiminə qarşı inqilab başladı və rejim devrildi. Yeni İran hökuməti ilə Sovet hökumətinin münasibətləri hələ tam aydın deyildi və mən də bundan istifadə edib poemanı “Döyüş lövhələri” adlı kitabıma saldım və 1981-ci ildə çap olundu. Burada Cənubi Azərbaycandan olmağım da müəyyən rol oynayırdı. Ona görə də çox vaxt Sovet senzurası mənim əsərlərimə maneə yaratmırdı ki, öz xalqı üçün yazır, qoy yazsın. Mən də bundan istifadə edib çox şeylər yazıb çap etdirə bilirdim. “Azərbaycan” poemasını da eləcə yaranan siyasi ab-havadan istifadə eliəyərək çap etdirdim. Həmin kitabdakı digər kəskin şeirlərim də ixtisar edilmədən çap olunmuşdu. O vaxt “Gənclik” nəşriyyatının direktoru ollmuş gözəl şair İlyas Tapdığın da burada müəyyən xidmətləri oldu. Hətta o vaxtki senzurada oturan redaktorlar da mənim çox sərt, kəskin olan şeirlərimi o taydan olan yaralı bir şair olduğuma görə çox cüzi redaktə edirdilər. Bəzən isə tamam çıxarırdılar və o çıxarılmış şeirləri də növbəti kitablarıma salıb, yavaş-yavaş çap etdirirdim. Bax belə bir məqamda “Azərbaycan” poeması qılınc kimi sıyrılıb qınından çıxdı.
– Yaxşı, bir tərəfi başa düşdük, Sovet senzurası o taydan olduğunuza görə müyyən qədər güzəştə gedib. Bəs, İran hökuməti tərəfindən necə hər hansı təzyiq, təqib olubmu?
– Olub. Deməli, mənim yaradıcılığımda 57 poema var. Onların yalnız 15-i Sovet dövləti, Sovet Azərbaycanı mövzularına həsr olunub. Qalanların hamısı İran həyatı, orada azərbaycanlılıran müstəqillik, dil, təsir uğrunda apardıqları mübarizə, səngər döyüşləri, inqilablar və s. haqqındadır. Bu əsərləri İranda çox böyük maraqla oxuyurlar. Yeri gəlmişkən qoy sizə bir maraqlı faktı danışım. Bizim hörmətli professorumuz Vaqif Arzumanlı bir dəfə Təbrizin yaxınlığında Şərəfxana adlı kiçik qəsəbədə olan görüşdə iştirak edir. Orada bir nəfər yaxınlaşır Vaqif müəllimə və əlindən tutub iki dəfə öpərək soruşur: Ağeyi Vaqif, siz o tayda Söhrab Tahiri tanıyırsınızmı? Vaqif müəllim cavab verir ki, nəinki tanıyıram, hətta biz Milli Münasibətlər İnstitutunda bir yerdə işləyirik. Mən direktoram, o da mənim işçimdir. V.Arzumanlı söyləyir ki, bunu deyən kimi həmin adam əldimi üç dəfə öpüb dedi: Ağeyi Vaqif, Söhrab Tahirə deyərsən ki, bir məclisdə onun şeirini söylədiyim üçün iki il zindanda yatmışam və bundan peşiman da deyiləm. Biz Söhrab Tahiri çox sevirik…
Yəqin mənim hansısa inqilabi şeirlərimdən birini söyləyib. Mənim adım o vaxtlar İranda qara siyahıda idi. Elə bu tayda da mənim şeirlərimi deyənlərdən istintaqa çəkilənlər olub. Məsələn, Zərdab rayonunda olarkən oradakı qəzetin baş redaktoru mənə yaxınlaşıb dedi ki, Söhrab müəllim, mən sizin qəzetdə çap olunmuş “Təbriz universitetinə məktub” poemanızın müəyyən hissəsini bir toyda əzbərdən söylədim. 3 gündən sonra gəlib məni apardılar çək-çevir eləməyə ki, sən bu poemanı haradan öyrənmisən? O da deyib ki, hansısa qəzetdən oxumuşam, amma adı yadımda qalmayıb. Beləcə o yazığı 3 gün orada saxlayıblar. 3 gündən sonra həmin poemanın dərc olunduğu bir region qəzetini tapıb gətiriblər və yalnız bundan sonra redaktoru buraxıblar ki, sən, qəzetdə çap olunmuş poemanı söyləmisən. Ona görə də günahın yoxdur. Göründüyü kimi həm o tayda, həm də bu tayda Cənubi Azərbaycan mövzusu çox həssas bir mövzudur və həmişə diqqətlə izlənilib. Sovet dövləti o vaxtlar istəmirdi ki, İranla münasibətlərə xələl gəlsin. Ya da istəmirdi ki, buradakı kiçik mildlətlərdə hər hansı bir milli oyanış baş versin. Bu səbəbdən azsaylı xalqların, tatarların, başqırdların, kabarda-bolqarların, azərbaycanlıların, çeçenlərin, ləzgilərin, həmçinin orta Asiya türklərinin milli hislərinə təsir edə biləcək əsərləri məhdudlaşdırırdılar, çapına əngəl yaradırdılar.
– Elə söhbət ki, Sovet dövründən, o taylı, bu taylı Azərbaycandan gedir, mənim yadıma bir maraqlı məqam düşdü. 1981-ci ildə Şüvalanda yazıçıların yaradıcılıq evi açılırdı. Açılışda Ümummilli Lider Heydər Əliyev də iştirak edirdi. O zaman bu açılışı və oradakı çıxışları radio vasitəsilə canlı dinləyirdim. Siz o zaman tribunada çıxış edərkən dediniz ki, özümü burada qərib hiss edirəm. Bu zaman Heydər Əliyev sözünüzü kəsdi ki, şair, niyə özünü qərib hiss edirsən və aranızda maraqlı bir dialoq oldu. Xahiş edirəm bu barədə bir az ətraflı danışardınız…
– Yaxşıdır ki, sənin də yadında qalıb o sözlər. Doğrudan da o vaxt Heydər Əliyevlə aramızda çox maraqlı bir söhbət oldu. Mən qəribəm deyəndə, mərhum prezidentimiz dedi ki, niyə özünü qərib hiss edirsən? Dedim ki, bəs biz vətəndən aralı düşmüşük, ürəyimiz niskillə doludur. Cavab verdi ki, onun günahı burada oturan şair və yazıçılardadır. Siz niyə o taydakı şair və yazıçıların əsərlərinin burada, bu taydakı şair və yazıçıların əsərlərinin o tayda çap olunmasına təşəbbüs göstərmirsiniz? Nə vaxt bu məsələ ilə bağlı mənə müraciət etdiniz, kömək etmədim? Əgər bu əsərlər həm o tayda, həm də but ayda dediyim kimi çap olunarsa, hər iki Azərbaycan arasında mədəni körpü yaranar, əlaqələr daha da genişlənər və heç kəs özünü burada qərib hiss etməz. Şair, sən öz evindəsən. Biz bir ata-ananın övladlarıyıq. Ona görə də sən burada özünü qərib hiss etmə. Bu sözlər zalda gurultulu alqışlarla qarşılandı. Sonra Heydər Əliyev üzünü mənə tutub “Şari, davam elə” – dedi. Mən də bundan ruhlanıb dedim ki, bəs, bildiyiniz kimi Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb. Bu zaman Heydər Əliyev yenə sözümü kəsib dedi: “Şair, dayan!”. Dayanı qorxa-qorxa fikirləşdim ki, yaman yerdə axşamladım. Bayaqkı qayğıdan ruhlanıb deyəsən böyük siyasi səhv buraxmışam. Heydər Əliyev soruşdu: “Niyə deyirsəni ki, Azərbaycan tarixin günahı üzündən iki yerə parçalanıb?” açığı yenə orxdum ki, bunun axırı yaxşı olmayacaq. Zala da dərin bir sükut çökmüşdü. Belə bir vəziyyətdə qorxa-qorxa soruşdum: – bəs nə deyim, yoldaş Əliyev? Qayıtdı ki, denən Azərbaycan imperialist qüvvələrin günahı üzündən iki yerə parçalanıb. Bu södən sonra zalda bir anlıq çaşqınlıq yarandı. Çünki heç kəs gözləmirdi ki, Heydər Əliyev Azərbaycanı iki yerə bölənləri, yəni İran və Rusiyanı adı ilə deycək və birdən sanki nə baş verdiyini zaldakılar anladı. Elçin bəy, bu zaman zalda bir alqış qopdu ki, gəl görəsən. Az qala alqışlardan tavan tərpənirdi. Heydər Əliyev düz 15 dəqiqə zaldakıları sakitləşdirə bilmədi. Sevincindən ağlayan kim, bir-birini qucaqlayan kim. Gurultulu alqışlar da ki, öz yerində. Sovet dövründə ilk dəfə idi ki, yüksək tribunadan Cənubi Azərbaycan məsələsi qaldırılırdı. Həmin andaca bu baradə Moskvaya xəbər çatdırdılar və elə oradaca hiss etdim ki, onu telefona çağırdılar. Sonralar eşitdim ki, bu çıxış Heydər Əliyevə müəyyən qədər başağrısı yaradıb.
– Bunlar təbii ki, gözəl xatirələrdir. Bildiyimiz kimi sizin vətən, torpaq, inqilab haqqında şeirlərinizlə bərabər lirik şeirləriniz də çox gözəl, çox səmimi, çox sevilən və heç vaxt təravətini itirmir. Hansı dövrdə desən aktualdır və hər bir də sanki real bir obrazdır. Bu baxımdan bilmək istərdik ki, lirik şeirlərinizin hər birinin konkret tarixçəsi var ya şair təxəyyülünün məhsuludur?
– yəni sənin fikrin belədir ki, şair hər hansı sevgi haqqında şeir yazırsa onun avtobioqrafik sənədi, sübutu, səbəbi olmalıdır. Amma məlumun olsun ki, gündəlik həyat haqqında yazandan şair olmaz, olsa da ortabab şair olar. Əsil şair gördüyü, hissindən keçirdiyi sevgilərdən material yığır. O vaxta qədər yığır ki, o materiallar şair ürəyində tamam bişir, pörşələnir, alov qalxır və onda şeir yaranır. Belə yaranan şeiri təbii ki, hər bir oxucu da oxuyur, sevir və özününkünləşdirir. Şair yazdığı lirik şeirlərindəki hisslərin hamısını keçirməyib. Ədəbi müşahidələrdən, nağıllardan, əfsanələrdən, faciəyəyə uğramış insanların həyatından və sairdən olan hisslər yığılır, ümumiləşdirilir, şah misra yaranır və hansısa sevgi şeiri, məhəbbət poeması meydana gəlir.
– Sizin keçdiyiniz keşməkeşli həyat yolu çox zəngin və maraqlıdır. Bildiyimizə görə, uzun illərin həsrətindən, yəni 1988-ci ildən sonra İranla sərhədlərin açılmasından istifadə edib doğma vətənə getmisiniz. Mümkünsə təxminən 40 ilin ayrılığından sonra doğmalarınızla görüşüb, yaşadığınız hissləri bizimlə bölüşərdiniz…
– Mənim həyatım çox cəhətlidir və bunlar barədə hələ heç kimə danışmamışam. Əlbəttə, mən inqilabçı, döyükən şair olaraq Bayron kimi, Macarıstanda bir şair var idi…
– Yəqin ki, Şandor Petofini demək istəyirsiniz…
– Doğrudur, Şandor Petofi kimi səngərdə döyüşməmişəm. Bunlar bildiyiniz kimi səngərdə həlak olublar. O şairlərin həyatındakı bəzi məqamlar mənim də həyatımda təkrar olunub. Müxtəlif illərdə bizim həyatımız gizdi partiya təşkilatı ilə əlaqədar olub. O gizli partiya təşkilatının əlaqələri çox geniş idi və biz bunun vasitəsi ilə Avropadan Şərqə qədər gedib-gələ bilirdik. 1979-cu ildə ki, İranda şah rejimini devirən inqilab baş verdi və o vaxtlar bizim təşkilatdan o taya gedib inqilaba kömək edənlər çox oldu. Bir tərəfdən də şair kimi çox ölkələrdə olurduq. Məsələn, bir dəfə Moskva-Frankfurt-Dəməşq-Tehran marşrutu ilə təyyarədə Tehrana gəlmişdim. Aeroportda mizin üstündə mən 17 yaşımda aldığım pasportumu gördüm. Baxdım və gördüm ki, mənim pasportumdur və tez çəkildim kənara. Bu zaman bir nəfər mənə yaxınlaşıb dedi ki, siz Söhrab Tahirsiniz? Soruşdum ki, məni necə tanıdın? Cavab verdi ki, televizorda hərdən-bir görürük və əlavə etdi ki, nə əcəb bura gəlmisən. Dedim, necə yəni niyə gəlmisən? İnqilab hər yanı bürüyüb. Dedi ağeyi Söhrab, siz bizim orada ehtiyyat qüvvəmisiniz. Sizi buraya işləməyə, yaşamağa çağıracağıq və sizi burada gül-çiçəklə qarşılayacaqlar. İndi gəlməyinizin əhəmiyyəti yoxdur və bununla yalnız avtobioqrafik həyatınızı korlaya bilərsiniz. Dedim ki, axı mən gizli gəlməmişəm. Cavab verdi ki, dəxli yoxdur, səni ittiham edə bilərlər, başqa ad qoya bilərlər. Odur ki, tez qayıtmağın məsləhətdir. Mənim 17 yaşımda aldığım pasportla Sovet adamı İran inqilabına kömək məqsədi ilə istifadə edibmiş. Sən demə mənə qayğı göstərən həmin adam da Pişəvəri hökumətində baş prokuror olmuş Firudin İbrahimlinin qohumlarından imiş. Sonralar məlum oldu ki, o mənə düzgün məsləhət vermişdi. O qədər romantik idim ki, istəyirdim şah rejiminə qarşı baş verən İran inqilabında mən də iştirak edim. Bizim buradan çağrılıb iştirak etməyimizə isə Xameyini ehtiyac görməyibmiş. Həmin adamdan soruşdum ki, bəs mən Tehranda yaşayan qardaşımı görə bilərəmmi? Dedi bir şərtlə, ünvanı bilirsənsə get uzaqdan bax, amma qətiyyən yaxınlaşmaq olmaz. Elə də elədim. Getdim qardaşımgil yaşayan küçəyə, ağaclıqda dayanıb guya ağacları seyr edirdim. Səhər 9-un yarısında qardaşım evdən çıxdı, maşina oturub işə getdi. Arvadı da dalınca baxıb, qayıdıb girdi evə. Mən də qayıtdım geri. Beləcə 40 ildən sonra qardaşımı gördüm, lakin onunla qucaqlaşıb, görüşə bilmədim. İlk dəfə doğmalarımdan bu yolla qardaşımı Tehranda gördüm. Lakin doğma vətənə sən deyən kimi sərhədlər açılandan sonra qızım Nəsibə ilə getmişəm. Bu, 1990-cı ilin 20 yanvar hadisəsindən sonra mart ayının əvvəllərində olmuşdu. O zaman qızım 8-ci sinifdə oxuyurdu. Onu da götürüb getdim Lənkərana. O zaman sərhədlər təzə açılmışdı və gediş-gəliş bir az asanlaşmışdı. Bakıda isə komendat saatı idi deyə şəhərə giriş-çıxış bağlanmışdı. Belə bir vəziyyətdə maşınıma minib və uzun illər öncə ayrıldığım vətənə getmək qərarına gəldim. Bizim Bakıdan kənara çıxmağa qoymurdular. Bir rus generalı əsgər paltarında bizi Şıxov istiqamətində saxlamışdı. Çox xahiş, minnətdən sonra dedi ki, sabah sizi buraxaram. Gedib səhər yenidən gəldik və doğrudan da bizi buraxdı. Sonra Lənkəranda da bizi saxladılar. Bir təhər burdan da keçib Astaraya gəldik. Burada da bir ukraynalı zabitin köməyi ilə sərhəddi keçdik. Mən də 20 yanvar şəhidlərinə görə saqqal saxlamışdım deyə görkəmim xeyli dəyişmişdi. İran sərhədçiləri ilə də xeyli söhbət etdik və bu zaman gördüm ki, bir xeyli aralıda qızım Nəsibəni bir yaşlı kişi qucaqlayıb, hönkür-hönkür ağlayır. Sərhədçilərdən soruşdum o kimdi? Dedilər ki, bəs, sənin dayın oğlu Bijəndi. Sən demə düz 2 aydır şəffaf sərhəd məsələsindən sonra öz “Mersedes” maşını ilə hər gün bura gəlib gedirmiş ki, birdən Söhrab gələr, yolu tanımaz. Arxadan yaxınlaşıb Bijən deyib çağırdım. Qızımı buraxıb, atıldı mənim boynuma. İlahi, insan necə də ürəkdən ağrıyarmış, necə səmimi insanlardı bunlar. Dedi gedək nənəgilə. Heç demə Tehrandakı qardaşlarım da gəliblərmiş ki, Söhrabı birinci özləri qarşılasınlar. Qapının düyməsini basdım. İkinci mərtəbədə ekranda məni görüblər və dedilər kimsən? Dedim, qonağam. Qonaq deyən kimi qapını açdılar. Bijən dayıoğlu da xeyli aralıda dürmüşdü ki, görək qohumlar məni tanıyacaqmı. Keçdim içəri, gördüm 2 xalam və 2 qardaşım oturublar. Qızıma baxdılar, mənə baxdılar bir şey başa düşmədilər. Birdən Xanım adlı xalam soruşdu ki, ay bala, adın nədir? Dedim Xanım xala, məni tanımadınmı? 40 il keçməsinə baxmayaraq, arvad səsimdən dərhal məni tanıdı. O saat bir nalə çəktib, əl ataraq üzünü cırdı. Qardaşlarımın biri boynumu, biri dizimi qucaqlayıb ağlayırdılar. O biri xalam dedi ki, Söhrab, sən də ağla, yoxsa pis olarsan. Dedim, ay xala, mən elə 40 ildir ağlayıram, daha gözümün yaşı quruyub. Beləcə 40 ildən sonra qohumlarla görüşdüim. Təbii ki, bu hisləri sözlə ifadə eləmək mümkün deyil. Sonralar onlar da bu taya gəlməyə başladılar və beləcə qohumlar arasında əlaqə yarandı.
– Mən bunları soruşdum ki, bu sizin həyatınızın bir tarixidir və qoy gələcək nəsillərə çatsın. Belə keşməkeşli, çətin yollarla keçib və Söhrab tahir nəhayət, gəlib çatdı 85 yaşına. Təbii ki, hamımız bu həyatda qonağıq və bir az gec, bir az tez haqq dünyasına qovuşacağıq. Bizim üçün bilmək maraqlı olardı, Söhrab Tahiri özündən sonra şair və şəxsiyyət kimi yaşadan nə olacaq? Onun keşməkeşli, faciəli, həsrət və niskil dolu həyatı, yoxsa zəngin yaradıcılığı?
– Əlbəttə, burada şəxsiyyət, yaradıcılıq və tale amili də var. Mənim taleyim dediyin kimi faciəli olub, ürəyim sınıq olub. Mən hər gecə yatanda həmişə yuxuda o taya keçirdim. Jandarma əsgərləri məni təqib eləyir və mən başlamışam uçmağa. Təqibdən qutarmaq üçün özümü dərəyə atmışam və bilmişəm ki, ölməyəcəyəm. O tay haqqında o qədər yuxu görürdüm ki, sayı-hesabı yox idi. Belə bir faciə ədəbi yaradıcılığım, döyüşkən əsərlərim məni məndən sonra da inanıram ki, yaşadacaq. Özüm də Sovet dövründə çox sadə və təvazökar bir həyat yaşamışam, şöhrət dalınca qaçmamışam. Televizya ilə çıxış edəndə də həmişə danışdıqlarıma fikir vermişəm ki, o taya keçəndə mənə ziyan verməsin. Mən inanırdım ki, mütləq o taya qayıda bilcəyəm. Vətənə bu dərəcədə olan sevgitm, vətənpərvərliyim özümdən sonra məni yaşadan amillərdən olacaq. Hərdən o taydan cavanlar gəlir yanıma, deyirlər ki, Söhrab müəllim, sizin hər televizyadakı çıxışınızı kasetlərə yazıb hər yerə yayırıq. Sənə o tayda sonsuz bir sevgi var. Nə o tayı, nə də bu tayı pisləmirsiniz. Amma həqiqəti elə şirin dillə deyirsiniz ki, hamının ürəyindən xəbər verirsiniz. Məsələn, çıxışlarınızın birində dediniz ki, İran dövlətindən bir xahişim var: qoy İranda dövlət iki dildə, həm fars, həm də Azərbaycan dilində idarə ollunsun. Bu zaman inqilabi hərəkat da müəyyən qədər zəifləyər, dava-qırğın da olmaz. Bu sözləriniz hamının ürəyinə yağ kimi yayılıb. Ona görə də inanıram ki, həm o tayda, həm də bu tayda yaşadığım həyat, ömrümü bütünlüklə xalqıma, Azərbaycanın bütövlüyünə, dövlətimə həsr etməyim, bu yöndə yazdığım əsərlər məndən sonra bəlkə məni yaşadacaq.
– Bəlkə yox, mütləq yaşadacaq. Çünki Azərbaycan ədəbiyyatında, tarixində, ictimai fikrində elə bir iz qoymusunuz ki, bu iz Azərbaycan və Azərbaycan xalqı durduqca yaşayacaq. Deyirlər şərab qaldıqca qiymətə minir. Söhrab Tahirin də həyat və yaradıcılığı illər keçdikcə daha da qiymətə minəcək və neçə-neçə nəslə vətəni sevməyi, onun uğrunda necə döyüşməyi öyrədəcək. Biz buna inanırıq. Bir daha sizin 85 illik yubileyinizi təbrik edirik və sonda mümkünsü deyərdiniz, Söhrab Tahir bu yubileyi necə görmək istəyir?
– Hörmətə və diqqətə görə çox sağ olun. allah ömrünüzü üzün eləsin. Mən heç vaxt yubiley keçirmək fikrində olmamışam. Bu tayda Qarabağ dərdi, müharibə şəraiti, o tayda isə milli məhdudiyyətlər hələ də qalır. Belə bir vəziyyətdə yubiley keçirmək mənə yaraşmaz. Yubiley keçirən şair dostlarıma da pis baxmıram. Gedirəm, təbrikimi çatdırıb çıxış da edirəm. Onların bəlkə də haqqıdır. Ancaq faciəli həyat yaşamış, vətən dərdinin nə olduğunu qanı ilə, canı ilə hiss etmiş bir insan kimi, Qarabağ kimi bir dərdimiz ola-ola, o tayda milli problemlər qala-qala yubileyi qeyd etmək mənim həzm aparatımdan keçmir. Bəzən dostlar deyirlər ki, Söhrab müəllim, sizin yubileyinizi keçirmək istəyirik. Onda deyirəm ki, bunun adını yubiley yox, yaradıcılıq gecəsi qoyun. Beləliklə mən yubiley keçirmək həvəsində olmamışam.
– Söhrab müləlim, arzu edək ki, növbəti yubileyinizi işğaldan azad olunmuş Qarabağ torpağında, milli məhdudiyyətlərə son qoyulmuş o tayda keçirək və yəqin ki, onda buna etiraz etməssiniz?
– Paho! Bax o başqa bir yubiley olacaq. Onda o mənim yox, Azərbaycan ədəbiyyatının yubileyi olacaq. Belə yubileyə əlbəttə etirazım yoxdur və Qarabağda, Cənubi Azərbaycanda keçirələn belə yubileylərdə başda oturaram, sən də mənim yanımda. Bütün iştirakçıların qarşısında da sevdiyin o “Azərbaycan” poemasını da söyləyərsən.
– Allah bizi bu arzuya qovuşdursun. Amin!
– Amin!

Söhbətləşdi: Elçin MƏMMƏDLİ