“International Finance” jurnalı “Petkim”i Beynəlxalq Maliyyə Mükafatları çərçivəsində “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görüb.
Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumatda bildirilir ki, “SOCAR Türkiyə”nin Təbii Qaz Bölməsinin maliyyə direktoru Betül Sarıkaya isə “Ən yaxşı qadın maliyyə direktoru” mükafatını əldə edib.
Beynəlxalq arenada böyük nüfuza sahib olan “International Finance” jurnalının eyni zamanda iki mükafatına layiq görülməyinin qürurverici olduğunu deyən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin maliyyə işləri üzrə vitse-prezidenti və “Petkim”in baş maliyyə direktoru Elçin İbadov bildirib ki, bu mükafatların bütün dünyanın üzləşdiyi mürəkkəb pandemiya dövründə verilməsi çox dəyərlidir:
“Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim” bu müddətdə “SOCAR Türkiyə”nin digər şirkəti STAR NEZ ilə inteqrasiya halında işləyərək, neft-kimya xammalına ehtiyacını fasiləsiz və yüksək keyfiyyətlə təmin etmə üstünlüyünə sahib oldu. Bunun sayəsində “Petkim” logistika xərclərində ciddi qənaətə nail oldu. Həyata keçirdiyimiz məhsuldarlıq və rəqəmsallaşma layihələri ilə yanaşı, məzənnə və faiz riskləri ilə maliyyə alətlərinin düzgün idarə olunması, əməliyyat xərclərinin optimallaşdırılması və dövriyyə kapitalının səmərəli idarə edilməsinin təsiri ilə “Petkim” olduqca uğurlu maliyyə nəticələrinə imza atdı. 2020-ci ildə əməliyyat gəlirliliyini əvvəlki ilə nisbətən 21 faiz artıraraq 1,9 milyard türk lirəsinə çatdıran “Petkim”in ehtiyatlar, debitor borcları, nağd pul və borc idarəçiliyi sahəsində göstərdiyi nəticələrin “Best Working Capital Management” kateqoriyasında mükafata layiq görülməsinə görə böyük fərəh duyuruq”.
Qeyd edilib ki, 2019-cu ilin iyununda “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom”un satınalma prosesi başa çatdıqdan sonra Təbii Qaz Bölməsi tərkibində fəaliyyət göstərən şirkətlərdə davam edən inteqrasiya prosesi 2021-ci ilin fevralında tamamlanıb. Bu prosesdə “Best Women CFO” kateqoriyasında təqdim edilən mükafata layiq görülən Betül Sarıkaya maliyyə sahəsində uğurlu fəaliyyəti ilə seçilən şəxslərdən biri kimi ön plana çıxıb.