“SOCAR Petroleum” YDM-lərdə şarj avadanlıqlarının quraşdırılmasına start verdi – FOTO

0
380

“SOCAR Petroleum” QSC və “Czar International” şirkətinin birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

Qurumdan  verilən məlumata əsasən, bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məscidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb.

Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər. 20 kVt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.

Cari ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə “Czar International” markalı şarj avadanlıqları quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcək. “Czar International” şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı texniki servis fəaliyyəti də, göstərəcək.

Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaq.